Azər Əliyev "Beşiktaş"la oyunları buraxacaq
“Jelezniçar”a qarşı UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən “Neftçi”nin futbolçusu Azər Əliyev tibbi müayinədən keçib.
Msport.az xəbər verir ki, bununla bağlı “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.
Beləliklə, Əliyev Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la hər iki oyunu buraxacaq.