featured-image-20709

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib.

Msport.az xəbər verir ki, hesabat turunun mərkəzi görüşü Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub.

Çempionatın lideri olan Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pillədəki mövqeyini qoruyub.

Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli qaralarla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib.

Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub.

4-cü tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalı yarı bölüb.

Digər oyunlara gəlincə, Eltac Səfərli – Aydın Süleymanlı, Abdulla Qədimbəyli – Vüqar Manafov, Fərid Mustafayev – Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.

4 turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2.5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıblar. Növbəti pillələrdə hərəyə 1,5 xalı olan Əhməd Əhmədzadə, Fariz Əhmədov, Fərid Mustafayev qərarlaşıb. Şahin Vəliyevin cəmi 1 xalı var. Turnir cədvəlinin son pillələrində İsmayıl Qurbanovla Xaqan Əhməd yer alıb (hərəyə 0,5 xal).

Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Bənzər xəbərlər