Azərbaycan çempionatında növbəti finalçı
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib.
Msport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən oyunlarda Məhəmməd Muradlı və Vüqar Rəsulov arasında baş tutan klassik görüşdə heç-heçə qeydə alınıb.
Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdirib.
Əsasnaməyə əsasən, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət sonda armageddon ilə qalib müəyyən olunur. Tay-brekdə ilk qarşılaşmada qara fiqurlarla oynayan Məhəmməd Muradlı qələbə qazanıb. Növbəti görüşdə Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd Muradlı məğlubiyyətin əvəzini çıxıb 3-3.
Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb 4-3.
Qeyd edək ki, bu gün başlayacaq final mübarizəsində çempionluq uğrunda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.