Azərbaycan çempionatında vahid lider
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib.
Msport.az-ın məlumatına görə, turun açılışında iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti illərdə millinin bütün üzvlərinin yarışda iştirakına çalışacaqlarını bildirib.
4-cü turda əsas mübarizə Məhəmməd Muradlı ilə Aydın Süleymanlı arasında olub. Partiya M.Muradlının qələbəsiylə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadəylə mübarizədən qalib ayrılıb.
Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.
4 turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıblar. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşürlər.
Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibləri ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, uduzanlar isə üçüncü yer uğrunda yarışacaqlar.