Azərbaycan futbolunun Qabil Məmmədovu
“Ə, bajoğlu nağayrırsan”, “Allaha and olsun şef dedi ki…” daha AFFA-nın binasından bu kəlimələr eşidilməyəcək. 14 il Peşəkar Futbol Liqasının (PFL) prezidenti olan Ramin Musayev postundan ayrılmalı oldu. Rəsmi versiya “səhhəti ilə əlaqədar vəzifəsindən ayrlıb” olsa da, hamı yaxşı bilir ki, bunun altında başqa səbbələr var. Maraqlıdır ki, Musayevin PFL-dən gedəcəyi hələ 2-3 gün öncədən bilinirmiş. Deməli, o, “Qarabağ”la İsveçrədə olarkən, hadisələrin gedişatından xəbərdar olub və Sürixə “futbolda son səfər” proqramı ilə yollanıbmış.
Ramin müəllimin futbol təssərüfatına gəlməsi, uzun illər “Neftçi”nin vitse-prezidenti işləməsi hansı səbədən olub, bunu çoxları bilir. O, AFFA Prezidenti Rövnəq Abdullayevin qardaşı Abbas bəylə bir yerdə oxuyub və yaxın dost olublar. Hətta deyilənə görə, Abbas bəy rəhmətə gedərkən qardaşından xahiş edib ki, dostundan muğayat olsun.
Ramin Musayevin “Neftçi” dövrünü birmənalı qiymətləndirmək çətindir. Onun rəhbərliyi altında (vitse-prezident olsa da, faktiki klubu idarə edən şəxs idi) “ağ-qaralar” Azərbaycan çempionu olub, “Birlik kuboku”nu qazanıb, avrokuboklarda mərhələlər keçib. Əslində bir klub rəhbəri kimi işinin öhdəsindən pis gəlməyib. Gecəyarısına qədər bazada oturar, futbolçuları özü izləyərdi ki, kimsə yolundan azmasın. “Neftçi”nin uğuru üçün əlindən gələni edərdi. Lakin eyni zamanda məhz onun paytaxt klubunda işlədiyi dövrdə Azərbaycan leksionunda yeni-yeni söyüşlər yarandı. “Neftçi”nin oyunlarını idarə edən hakimlər 90 dəqiqə həmin əcaib söyüşləri eşitməmək üçün özlərini karlığa vururdular.
2007-2008-ci illərdə “Nefti”nin baş məşqçisi olmuş Vlastimil Petrjela Musayevlə mübahisəyə görə Azərbaycandan qaçmalı oldu. Özü də necə? Hətta əşyalarını apatmasına belə imkan vermədilər. Onu aeroporta qəsdən sınıq-salxaq maşın aparmışdı ki, çexiyalı məşqçinin burnnundan gəlsin hər şey. Petrjela ölkəmizdən getdikdən sonra bir müddət psixatr yanında müalicə almalı oldu.
Musayev PFL-i işlək, yaxşı quruma çevirə bilmişdi. İlk fövrlərdə PFL-in böyük səlahiyyətləri, yaxşı büdcəsi var idi. Onun kadr siyasətini də uğurlu adlandırmaq olardı. Ətrafına elə insanları yığmışdı ki, onlara görə mətbuat Musayevi çox da tənqid etmirdi. Lakin son illərdə PFL-in əksər səlahiyyətləri əlindən alındı, ən əsası hakimlər artıq Musayevə tabe deyildilər. Bir vaxtlar Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar mütləq onun vasitəçiliyi ilə heyətə ən azı bir futbolçu götürməli idilər. Əks halda başları ağrayacaqdı. Bir çox komandalara baş məşqçi təyinatı da onun əlinin altından keçirdi. Amma son vaxtlar Musayev bütün bu komfortlarından məhrum olmuşdu.
Ramin müəllim senzurasız adam idi. Mətbuat konfransında canlı yayımda “Lex”ə lox deyə bilərdi, jurnalistlərlə diktafonsuz söhbətdə başına gələn macəraları xüsusi həvəslə, böyür-başını söyüşlə bəzəyərək danışardı. Nədənsə, Musayevi Qərbdə yaşayıb canlı yayımlar açan Qabil Məmmədova bənzədirəm. İkisinin də qəşəng söyüşləri var və bunu elə ustalıqla, koloritlə edirlər ki, heç kim incimir. Hətta söyülən adamın belə üzündə azacıq təbəssüm yaranır.
P.S. “Ə, bajıoğlu bu nədir yazmısan?”
AYXAN