Azərbaycan Güləş Federasiyası rüşvət qalmaqalına aydınlıq gətirdi
Azərbaycan Güləş Federasiyası 5-7 apreldə Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Turan Bayramova (74 kq) uduzan italiyalı Frank Çamisonun ittihamlarına cavab verib.
Msport.az xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilib:
“Həmin görüşdə uduzan Çamiso məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. O, heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.
Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo “Duty to report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olması ilə əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman “Fair Play” ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamisonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcək”.