featured-image-12201

Bu il də “Qarabağ”dan başqa, heç bir klubumuz avrokuboklarda qrupa düşə bilmədi. UEFA Konfrans Liqasında iki mərhələ keçən “Neftçi”dən fərqli olaraq, “Zirə” və “Qəbələ” elə ilk görüşlərdən sonra mübarizəni dayandırdılar. “Ağ-qaralar” “Rapid”i pley-offa qatılmağa yaxın olsalar da, Vyanada “Rapid”dən alınan 0:2 hesablı məğlubiyyət komandanın arzularının üstündən xətt çəkdi.

Ötən mövsüm də “Neftçi”nin qruplara getməyə əla imkanı var idi. O zaman Samir Abasovun çalışdırdığı komanda Çempionlar Liqasından Konfrans Liqasına qədər “aşağı” düşsə də, sonda Azərbaycan Premyer Liqası ilə kifayətlənməli oldu. Finlandiya HİK-i “ağ-qaralar”ın dişinə görə rəqib olsa da, səfərdə 0:3 uduzan “Neftçi” azarkeşlərini məyus etdi.

Bütün bunları boşuna xatırlamadım, Samir Abasov indiki “Neftçi”ni tənqid etsə də, əslində onun da vaxtında vəziyyətin “gül-bülbül” olduğunu deyə bilmərik.

***

Bu il UEFA Konfrans Liqasının əsas sürpriz komandalarından biri “Jalgiris” oldu. Vilnüs klubu Litva futbolu tarixində ilk dəfə avrokuboklarda qrupa yüksələ bildi. Bəs “Jalgiris”i yetərincə imkanlı klub saymaq olarmı? Komandanın gücü nədədir?

Litva çempionatının oyunlarını yayımlayan “Viaplay” televiziyasının şərhçisi Lukas Qintautasın sözlərinə görə, “Jalqiris”in illik büdcəsi cəmi 2,65 milyon avrodur. Müqayisə üçün deyim ki, bizdə “Səbail”in bu mövsüm büdcəsi təxminən 8 milyondur. “Neftçi”də isə daha çox.

Həmkarımızın dediyinə görə, “Jalgiris”in konkret bir sahibi yoxdur. Vilnüs şəhər bələdiyyəsi klubun ən böyük səhmdarlarındandır və 1,05 milyon avro pul ayırır. Maraqlıdır ki, “Jalgiris” ölkənin ən imkanlı futbol klubu olsa da, Litvada bəzi basketbol komandalarının büdcəsi bundan xeyli çoxdur. Bu komandada ən çox maaş alan legionerlər ayda 6-7 min avro qazanırlar. Gənc yerli futbolçuların əməkhaqqısı isə daha azdır. Bizdə Mirabdulla Abbasov “Neftçi”də oynamaya-oynamaya ayda 14 min manat alırdı. Davit Volkovun “Sabah”da maaşı isə ayda 18 min dollardır.

“Jalgiris” demək olar, futbolçu satışından da böyük pul qazanmır. Çünki komanda nadir hallarda oyunçularını xarici klublara transfer edə bilir. Bir sözlə, Vilnüs təmsilçisi oyunçu satışı ilə dolanmır.  Buna baxmayaraq, klub kiçik büdcə ilə böyük işlər görə bilir.

***

Sonda “Jalgiris”in UEFA Konfrans Liqasının qrupuna necə düşdüyünü xatırlayaq. Litva təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Kosovonun “Balkani” klubunu keçdi. Daha sonra İsveçin “Malmö” komandasından da üstün olan “Jlgiris” III təsnifat mərhələsində Norveç “Budo Qlimt”nə uduzdu. Avropa Liqasının pley-offunda “Ludoqorets”lə üz-üzə gələn qazaxıstanlı Vladimir Çeburinin baş məşqçisi olduğu komanda Bolqarıstanda 0:1 hesabı ilə məğlub olsa da, evdə 3:2 qalib gəldi. “Ludoqorets” yalnız əlavə vaxtda 120-ci dəqiqədə penalti qolu ilə qrupa yüksəldi.

“Jalgiris” isə Konfrans Liqasında “Bazel”, “Slovan” (Bratislava) və “Pünik”lə mübarizə aparacaq. Yeri gəlmişkən, “Jalgiris”in Bratislavada “Slovan”la qrupdakı ilk oyununu Rauf Cabarov idarə edəcək.

AYXAN 

 

Bənzər xəbərlər