featured-image-17135

Futbol üzrə Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə oyunumuz alınmadı. Daim gecikirdik, çatdırmırdıq, təkbətəklərdə uduzurduq. İkinci hissədə isə oyun bir qədər dəyişdi, həm anlaşma, həm də dinamika baxımından daha yaxşı təsir bağışladıq. İkinci yarıdan daha çox razı qaldım, amma oyun iki hissədən ibarət olur. Təəssüf ki, bu gün Azərbaycan yığması qalib gəldi. Amma məncə, onlar bu qələbəyə layiq idilər.

Bu gün heyətdə çoxlu gənc futbolçu vardı. Hələlik, onlar üçün bir qədər çətindir. Çünki təcrübələri az olduğu kimi, klublarında da çox forma şansı qazanmırlar. Bu yaşda daimi oynamadınsa, çətinliklər olur. Amma biz vəziyyətin düzələcəyinə, onların klublarında daha çox forma şansı əldə edəcəyinə ümid bəsləyirik. Bu, bütün futbolçularımıza aiddir. Təbii ki, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bu oyunçulara şans verməyə davam edəcəyik. Amma təcrübəli oyunçulara da ehtiyac var. Nə qədər riskli olsa da, gələcək naminə gənc futbolçulara üstünlük vermək məcburiyyətindəyik. Çünki qarşıda bizi daha ciddi və rəsmi oyunlar gözləyir.

Azərbaycan yığmasında da ikinci hissədə bəzi dəyişiklər oldu və meydana gənc futbolçular buraxıldı. Hansı ki, onlar da özlərini göstərməli idilər. Bizdə də əsasən gənc oyunçular meydana buraxıldı. Məhz onların istəkli olması oyunumuzun daha da yaxşılaşmasına gətirib çıxardı”.

Bənzər xəbərlər