"Azərbaycana qarşı oynamaq ekzotika deyil" - Bolqarıstan millisinin baş məşqçisi
Bolqarıstan milli komandasının baş məşqçisi İlian İliyev FİFA Series-2024 çəqrçivəsində keçiriləcək Tanzaniya və Azərbaycan yığmaları ilə oyundan danışıb.
Msport.az xəbər verir ki, bolqarlar martın 22-də “Dalğa Arena”da Tanzaniya, martın 25-də isə Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə üz-üzə gələcək:
“Mən artıq on dəfə demişəm ki, bizimlə eyni səviyyədə olan Azərbaycana qarşı oynamaq ekzotika deyil. Tanzaniya Afrika Millətlər Kubokunun iştirakçısı olub. İlliuziya yaratmalı deyilik ki, biz zəif komandalarla qarşılaşacağıq. Özümüzdən aşağı səviyyəli yığmalarla oynayacağımızı düşünməli deyilik.
Aydın məsələdir ki, Millətlər Liqasına hazırlaşırıq. Burda komandalar təxminən eyni səviyyədə olacaq. İyunda isə bizi özümüzdən daha yaxşı komandalarla – Rumıniya və Sloveniya ilə görüşlər gözləyir. Hər iki komanda Avro-2024-də mübarizə aparacaq. Bizim güclü kollektivlərlə qarşılaşmaq barədə təkliflərimiz var idi, lakin İngiltərə, Fransa kimi rəqiblərlə matçda yalnız müdafiə olunardıq, topa nəzarət edə bilməzdik. İndi isə öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq xoşdur”.