featured-image-4917

Bir vaxtlar “İnter”də (indiki “Şamaxı”) çıxış etmiş belaruslu futbolçu Mixail Makovski Azərbaycandakı gəliri haqda açıqlama verib.

Msport.az xəbər verir ki, Belarus millisinin sabiq üzvü football.by saytına müsahibəsində Bakı və Kiyevdəki həyatı barədə müqayisə apararkən bunları söyləyib:

“Müqaviləmi vaxtından əvvəl pozduğu üçün Bakı “İnter”inin mənə bir milyon dollar borcu var idi. Borcumun cəmi 50 min dollarını məhkəmə yolu ilə ala bildim. Borc kompensasiyadan yaranmışdı. Belə təzminatları adətən vaxtından tez qovduqları üçün məşqçilərə ödəyirlər.

Anatoli Konkov məni qardaşım Vladimir Makovski ilə birlikdə əvvəlcə Ukrayna “Vorskla”sına, daha sonra Azərbaycana apardı. “İnter”də mənə və qardaşıma müqavilə bağlamaq haqqı kimi 5 min dollar verdilər. Konkov deyirdi ki, ikiniz meydanda olduğunuz vaxt atom qarışığı kimi olursunuz. Ən böyük əmək haqqımı “İnter”də alırdım – 23 min dollar. Dörd günlük istirahət verilən kimi ailəmin yanına uçurdum. Klub bizə 8 pulsuz uçuş ayırmışdı. Udduğumuz oyunun ardından Ukrayna istirahətimizi başa vuraraq Bakıya qayıtdıqda bazada çarpayımızın üstündə zərfin içində 500 dollar görürdük. Ən maraqlısı o idi ki, həmin vaxt içmirdik. Çünki 50 dərəcə isti olurdu. Otaqda kondisioner olmasa, bişərdin. İlk məşqimiz səhər saat 6-da, ikincisi saat 20:00-dan sonra olurdu.

Maaşımın cəmi min dollarını xırda xərclərim üçün özümə saxlayırdım, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşıma göndərirdim. Ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandm. Amma həyat yoldaşım biznesə girdi və “yandırdı”. İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın”.

Xatırladaq ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illərdə “İnter”də çıxış edib.

Bənzər xəbərlər