Azərbaycanda oynayan braziliyalı: "Bizim ikinci Neymarımız yoxdur"
Azərbaycanda oynayan braziliyalı: “Bizim ikinci Neymarımız yoxdur”
“Çətin oyun oldu. Serbiya ilk dəqiqələrdə pressinq etməyə çalışdı, lakin Braziliya oyunu yaxşı idarə edə bildi və lazım olan qoları vurdu”.
Bunu Msport.az saytına açıqlamasında Qustavo de Fransa Braziliya millisinin Qətərdə keçirilən dünya çempionatında Serbiya yığmasına 2:0 hesabı ilə qalib gəldiyi G qrupunun I tur oyunu barədə danışarkən deyib.
Görüşdəki hər iki qolun müəllifi olan Rişarlisonun çıxışına da toxunan “sambaçı” həmyerlisinin əla hücumçu olduğunu bildirib: “Bəzən oyundan kənarda qalmış kimi görünür. Əslində isə bununla komanda yoldaşlarına boş zona açır. Bir sözlə, komandaya çox kömək edir. Hər zaman bir toxunuşla qol vurmağa hazırdır”.
Neymarın zədələnməsindən də söz açan 24 yaşlı vinger onun top futbolçu olduğu üçün bu cür kobudluqlara məruz qaldığını vurğulayıb: “Bəzən Neymarın mənfi təbliğatı onun ziyanına işləyir. Çünki hakimlər vəziyyətə sanki hər zamankı kimi nəzarət etmirlər, futbolçunun simulyasiya etdiyini düşünürlər. Yenidən zədələndiyini görmək çox kədərlidir. Dünyanın bütün komandaları aparıcı oyunçularını itirəndə məyus olur”.
Onun sözlərinə görə, Neymarın yoxluğuna baxmayaraq, Braziliyanın çox yaxşı heyəti var: “Əlbəttə, Neymar kimi ikinci oyunçumuz yoxdur. Amma düşünürəm və ümid edirəm ki, bu, Braziliyanın dünya kubokunu qazanmaq üçün problem olmayacaq”