Azərbaycanın qadın FIFA referisi: Kişi futbolunu idarə etmək daha maraqlıdır – MÜSAHİBƏ
Azərbaycanın qadın FIFA referisi və AFFA VAR layihəsinin koordinatoru Fəridə Lütfəliyeva AZƏRTAC-ın suallarını cavablandırıb.
Msport.az müsahibəni təqdim edir.
– Fəridə xanım, 2012-ci ildən hakimlik fəaliyyətinə başlamısınız. Hakim olmaq qərarına necə gəldiniz?
– Açığı, əvvəllər futbola elə də marağım yox idi. Düzdür, idmanı çox sevmişəm və uşaqlıqdan məşğul olmuşam. Hətta bir müddət özümü gimnastikada sınamışam. Amma aldığım zədəyə görə gimnastikadan uzaqlaşmaq məcburiyyətində qaldım. Hakimlik fəaliyyətimə başlamağımın səbəbkarı isə xalam oğlu olub. O, həm futbolçu, həm də beynəlxalq dərəcəli yan xətt hakimi idi. Bəzən onun idarə etdiyi oyunları izləməyə gedirdim. Bir gün mənə dedi ki, bu sahədə özünü sınamalısan. Bundan sonra yavaş-yavaş məndə futbola maraq oyandı. Lakin yenə də hakim olmağa tərəddüdlə yanaşırdım. Özümü hazır hiss etmirdim. Bununla yanaşı, maraq və istəyim də yox idi.
– Bu qərarı ailənizdə necə qarşıladılar?
– Hakim olmağımda anamın da böyük rolu var. Valideynlərim həmişə bu barədə mənə dəstək olublar. Onlar mənə bildirdilər ki, hakimliyə başlasan, getdikcə həvəsin arta bilər. Ailəmin təkidindən sonra hakim olmağa qərar verdim. Müəllimlərim və hakim yoldaşlarım məni çox xoş qarşıladılar. İlk dərsdən etibarən onların məni belə gülərüz qarşılaşmaları bu sahəyə marağımın daha da artmağına səbəb oldu. Qərar verdim ki, davam etməliyəm. Sırf hakimlik fəaliyyəti deyil, yeni həyat və insanlar da mənim üçün olduqca həyəcanverici idi. Bir müddət sonra seminarlarda iştirak etməyə başladım. AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov ilkin tanışlıq üçün mənə “Futbol oyununun qaydaları” kitabını verdi. Əgər qavramam yaxşı olarsa, tez bir zamanda hakimliyə başlaya biləcəyimi söylədi. Bu proses çox qısa çəkdi və məndə bu sahəyə maraq artdı. Beləliklə futbol qaydalarını öyrənməyə və məşqlərə qoşulmağa başladım. 2012-ci ilin yaz aylarından etibarən U-16 qızlar liqasında yan xətt hakimi kimi ilk təyinatımı aldım. Təbii ki, təcrübəm az olduğuna görə mənə ilk vaxtlarda baş hakim kimi təyinat vermədilər.
– Fiziki güc tələb edən bir işlə məşğulsunuz. Bu sahəyə gəlməzdən əvvəl peşənizin çətinliklərini nəzərə almışdınız?
– Bu işin fiziki güc tələb etdiyini bilirdim, amma bu dərəcə ciddi və çətin olduğunu təxmin etmirdim. Heç nə göründüyü kimi deyil. Düşünürdüm ki, bir müddət məşqlərə qoşularam və mənim üçün rahat olar. Lakin elə olmadı. Futbol qaydaları, fiziki məşqlər, oyun idarəçiliyi, futbolçuların və azarkeşlərin təzyiqi, bir sözlə, bunların hər biri yetəri qədər məsuliyyət, təcrübə və dayanıqlılıq tələb edir.
– Hakimlər azarkeşlərin tənqidlərinə tez-tez məruz qalırlar. Bu kimi hallardan çəkinmirsiniz?
– Bütün hakimlərə qarşı hər zaman azarkeşlər, futbolçular və baş məşqçilər tərəfindən tənqid və narazılıq olur. Digər tərəfdən isə qadın hakimləri kişilərlə müqayisə edirlər. Bizim mentalitetlə əlaqədar qadınlara daha hörmətlə yanaşırlar. Bəzi azarkeşlər də var ki, qadın hakimin fəaliyyətini ciddi qəbul etmirlər. Onlar düşünürlər ki, hakim qadındırsa, ona əhəmiyyət vermək lazım deyil.
– Kişilərdən ibarət komandaların oyunlarında qadın hakim olmaq necə hissdir?
-Əlbəttə ki, çox gözəl hissdir. Bir çox insan futbolu kişi idman növü hesab edir. Açığı, kişi futbolunu idarə etmək daha maraqlıdır. Çünki burada oyunlar daha sürətli və hərarətli keçir. Özümə güvənim tam olduğu üçün bu oyunları yüksək səviyyədə idarə edirəm.
-Meydanda ən çox hansı çətinliklərlə üzləşirsiniz?
– Hər il futbol qaydalarında müəyyən yeniliklər olur. Bu dəyişiklikləri beyinə həkk edib oyunda tətbiq etmək xeyli çətinlik yaradır. Bunun üçün bir qədər vaxt lazımdır. Qaydalar dəyişdikcə, biz onları yadda saxlayıb və o cür tətbiq etməliyik. Bunu bacarmaq isə təcrübədən asılıdır. İdarə etdiyimiz matçların sayı artdıqca, təcrübə də formalaşır.
– Siz həm də VAR layihəsinin koordinatorusunuz. Bu sistemlə bağlı düşüncələriniz necədir? Sizcə, Azərbaycanda VAR sistemi özünü yetərincə doğruldubmu?
– VAR layihəsi çempionatımızda ikinci ildir ki, tətbiq olunur. Fikrimcə, sistem iki ildə özünü yetərincə doğruldub. VAR hakimlərinin sertifikatlarını almaq üçün öncə Türkiyəyə müraciət etmişdik. Mən də burada iştirak etdim və sertifikatımı aldım. Düşünürəm ki, Türkiyədə bu sistem uzun müddətdir tətbiq olunduğu üçün biz prosesə düzgün başladıq.
– Bəs dünyada necə?
– Deyərdim ki, sistem dünyada da özünü doğruldub. Nəticəyə təsir edən səhvlərin qarşısını almaq üçün VAR ən optimal variantdır. Nəzərə alaq ki, hakim də insandır və müəyyən səhvlərə yol verə bilər. Hər hansı səhvə yol veriləndə azarkeşlər hakimi tənqid etməyə başlayırlar. Elə buna imkan verməmək üçün VAR-ın tətbiqi daha məqsədəuyğundur.
– Fəridə xanım, özünüzə kumir hesab etdiyiniz qadın referi varmı?
– Bəli, var. Bu, beynəlxalq dərəcəli fransız hakim Stefani Frappardır. O, tarixdə möhtəşəm iz qoyub. Mən də öz üzərimdə işləyirəm. Ümid edirəm ki, bir gün onun kimi məşhur referi olacağam.
– Hazırda “Qalatasaray”da çıxış edən Kerem Demirbay Almaniyada oynayarkən matçı idarə edən xanım referiyə “Qadının yeri mətbəxdir” deyib və buna görə cəzalanıb. Sizin bu fikrə münasibətinizi bilmək maraqlı olardı…
– Bütün fikirlərə hörmətlə yanaşıram. Tənqid və mühakimə etmirəm. Sözsüz ki, hər bir qadın idmanla məşğul ola bilər. Bu, çox normal haldır. Qadınlar hər şeyi etməyə qadirdirlər.
– Necə düşünürsünüz, Azərbaycanda hakimliyə maraq nə dərəcədədir?
– Hakimliyə maraq olduqca çoxdur. Mən Hakimlər Komitəsində işləyirəm. İldə 2-3 dəfə hakim olmaq istəyən şəxsləri bir araya toplayırlar. Lakin kişilərin hakimliyə marağı qadınlardan qat-qat üstündür. Ona görə də qadın hakimlərin sayı çox azdır. Ölkəmizdə futbol adı çəkiləndə hər kəs düşünür ki, bu, kişi idman növüdür. Buna görə də qadınlar bu sahəyə daha az maraq göstərirlər.
– İndiyədək hansı beynəlxalq oyunlara təyinat almısınız?
– Bu ilin fevralında Türkiyədə beynəlxalq oyunları idarə etmişəm. O gündən sonra müəyyən səbəblərə görə, UEFA təqvimini bağlamaq məcburiyyətində qaldım. Amma təqvimi açdıqdan sonra UEFA yenidən təyinat verəcək.
-Yaxın vaxtlarda hansısa beynəlxalq oyuna təyinat gözlənilirmi?
-Ümidvaram ki, gözlənilir. UEFA-nın işinə qarışa bilmərəm (gülür).
– Karyeranızla bağlı ən böyük hədəfiniz nədir?
– Yaşım və sağlamlığın icazə verdiyi qədər hakimlik fəaliyyətimi davam etdirmək niyyətindəyəm.
– Son olaraq, hakim olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?
-Qorxmasınlar və tərəddüd etməsinlər. Ən azından özlərinə o şansı versinlər. Bəyənmədikləri və istəmədikləri təqdirdə davam etməsinlər. Əsas odur ki, özlərini sınasınlar. İdman sağlamlıq deməkdir. Günümüzdə idmanla məşğul olan qadınlara inam və hörmət də çoxdur. Bir qadın idmançı fəaliyyətində uğur qazanırsa, onu sadəcə yaxınları və federasiya yox, ölkə də dəstəkləyir.