featured-image-12132

“Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına qatılmayıb stadionu tərk edən “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa hələ ki postunda qalası olub. 5 oyunda qol vura bilməyən komandanın çalışdırıcısı səhhəti ilə əlaqədar stadiondan getdiyini bildirsə də, bəllidir ki, vəziyyət yaxşı deyil. Belaruslu mütəxəssisin klubun prezidenti Riad Rəfiyevlə də münasibətləri korlanıb. Amma Rəfiyev Baqanın müqaviləsi olduğu üçün onu istefaya göndərməyə tələsmir.

“Sumqayıt”ın Mətbuat Xidmətindən Msport.az-a verilən məlumata görə, Baqa işinin başındadır və bu gün komandanı məşqə çıxarıb, onun göndərilməsi gündəmdə deyil.

Amma əldə etdiyimiz məlumata görə, BATE-də məşhurlaşmış məşqçiyə vaxt verilib. O, qarşıdakı 3 turda əzı 6-7 xal toplamalıdır. “Sumqayıt” 6-cı turda öz meydanında “Şamaxı”nı qəbul edir, daha sonra isə “Qəbələ” səfərinə yollanır. “Gənclik şəhəri” təmsilçisi 8-ci turda doğma divarlar arasında “Kəpəz”lə qarşılaşacaq.

Əslində “Sumqayıt” yerli publika qarşısında “Şamaxı” və “Kəpəz”i məğlub edə biləcək gücdədir. Qalır “Qəbələ” ilə səfərdəki oyun. Baqa ümid edir ki, komandası “Şamaxı” ilə görüşdə qol hesabını açsa, bu, özünə inam yaradacaq və daha sonra “Qəbələ”dən də xal almaq olar. Odur ki, gözləyək, görək, belaruslu məşqçi bu sınaq müddətini necə keçəcək.

Bənzər xəbərlər