featured-image-12641

Anarın “Evləri köndələn yar” tamaşasında yaddaşlardan silinməyəcək səhnə var. Keçmiş nazirin keçmiş müavini Şakir Şəkəroviçin monoloqu:

“Vaxt vardı məni böyük-böyük vəzifələrlə, alovlu çıxışlarla, fundamental qələbələrlə təbrik edirdilər. İndi dütdülü”.

Dünən “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa da eynən Şakir Səfəroviçin günündə idi. “Sumqayıt” çempionatda ilk qolunu 6-cı turda ancaq yerli futbolçulardan ibarət “Şamaxı”ya vurdu, özü də penaltidən. Belaruslu mütəxəssisin komandası hələ də oyun epizodundan fərqlənə bilməyib. Baqa isə matçdan sonra mətbuat konfransında “nəhayət ki, ilk qolumuzu vura bildik” deyir. Baqanın yerinə kim olsa, utandığından “Şamaxı” ilə görüşdən sonra belə açıqlama verməz, özü də penaltidən vurulan qoldan sonra.

Baqa indi yəqin ki, oturub mənzilində Şakir Şəkəroviç kimi fikirə dalıb: “Vaxt vardı, məni BATE-ni Belarus, “Jalgiris”i Litva, Soliqorsk “Şaxtyor”nu Belarus çempionu etdiyim üçün təbrik edirdilər. BATE-ni Avropa Liqasının qrupuna çıxardığım üçün təbrik mesajları alırdım. İndi də nə ilə təbrik edirlər? Dütdülü”.

Böyük ehtimalla, Baqa qış fasiləsinə kimi “Sumqayıt”da qalmayacaq. Dünən mətbuat konfransında ona hamını maraqlandıran sual da verildi: “Belə bir iddia var ki, legionerləri siz yox, rəhbərlik seçib. Bu məsələyə nöqtə qoya bilərsiz”?

Əslində belaruslu məşqçi ilk cümlədəcə bu suala cavab verdi: “Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm”. Amma sanki sonradan yadına düşür ki, o, hələ də “Sumqayıt”ın baş məşqçisidir və vəziyyətdən çıxmaq üçün keçir malalama metoduna: “Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib”.

“Şamaxı” ilə matçda göründü ki, “Sumqayıt”da nizam-intizam da yerində deyil. Vüsal İsgəndərli 61-ci dəqiqədə əvəzlənəndə deyinə-deyinə, bütün tribunaların görə biləcəyi narazı şəkildə meydanı tərk etdi. Bu, onu göstərir ki, artıq Baqanın “Sumqayıt”da sözünün kəsəri qalmayıb.

Riad Rəfiyevin prezidenti olduğu klubda hazırda 9 legioner var. Amma komanda 6 oyuna 3 xal yığıb, 1 top vurub. Gələn əcnəbilərin də səviyyəsi göz önündə.  Rəfiyev – Baqa cütlüyünün seçdiyi futbolçuların bir-ikisini çıxmaq şərti ilə digərləri burdan getsə, ən yaxşı halda yarımhəvəskar klublarda oynaya bilərlər.

Rəfiyev Ayxan Abbasovu baş məşqçi postundan göndərib Baqanı gətirdi ki, nəticə yoxdur, komanda yaxşı oynamır. Halbuki ondan əvvəlki mövsüm “Sumqayıt” avrokuboklarda mübarizə aparmışdı. İndi Ayxan müəllimin “Turan Tovuz”u 10 xalla 4-cü yerdən 8-ci pillədəki “Sumqayıt”a baxır, Baqa isə Azərbaycandakı günlərini sayır.

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər