featured-image-29213

Azərbaycan Premyer Liqasında 32-ci tur daha çox hakim qərarları ilə yadda qaldı. “Zirə” – “Turan Tovuz” matçında (1:3) Rauf Cabbarovun biabırçı idarəçiliyi, eləcə də “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında (0:1) oyundankənar vəziyyətdən vurulan qol həftəyə damğasını vurdu.

CBC Sport-da “Start” verlişinin qonağı olan AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək sözügedən görüşlərdə baş verənlərə aydınlıq gətirib. Yaxşı ki, türkiyəli mütəxəssis nəyin bahasına olursa-olsun, həmkarlarını müdafiə etmək niyyətindən uzaq olub. Amma iş orasındadır ki, Şimşək də hakim səhvlərinə tutarlı səbəblər göstərə bilmədi.

Tutaq ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında Vüsal İsgəndərlinin fərqləndiyi qolda ofsayd var idi, bunu Hakimlər Komitəsinin rəhbəri də etiraf etdi. Lakin o da VAR-ın həmin anda niyə müdaxilə edib səhvi ardan qaldırmamasına aydınlıq gətirə bilmədi. Özü də həmin matçda VAR-da FİFA referisi Elçin Məsiyev, AVAR-da isə Müslüm Əliyev iş başında idilər. Yəni hər ikisi yetərincə təcrübəyə malik olan hakimlərdir. Amma qoldan sonra meydandakı həmkarlarının xətasını aradan qaldırmadılar. Maraqlısı odur ki, xətt çəkilir, bütün ölkə oyundankənar vəziyyət olduğunu görür, lakin VAR-dan siqnal gəlmir.

İndi “Şamaxı” və “Səbail” rəsmiləri çıxıb desələr ki,”bizim hüququmuz pozulur, “Sumqayıt”a 3 xal hədiyyə olundu” kim buna qarşı çıxa biləcək? “Sumqayıt” bəlkə də Premyer Liqadakı yerini məhz həmin o ofsaydan vurulan qol hesabına qoruya biləcək.

Bülent bəy həmin səhvə görə səhərə kimi yata bilmədiyini sözünə əlavə edib. Əgər siz belə vəziyyətə düşmüsünüzsə, indi təsəvvür edin, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov nələr yaşayıb.

“Zirə” – “Turan Tovuz” matçında isə ümumiyyətlə, meydanda xaos idi, Rauf Cabbarov nəzarəti tam şəkildə itirmişdi. 45+2-ci dəqiqədə “Zirə”nin oyunçusu İssa Cibrila öz cərimə meydançalarında Runiyə qarşı qaydanı pozsa da, referi davam işarəsi verir. Maraqlıdır ki, həmin vaxt VAR da susur. Bu dəfə VAR-da isə “Kəpəz” – “Sumqayıt” oyununun baş hakimi Tural Qurbanov çalışırdı. B.Şimşek canlı yayımda etiraf etdi ki, bu epizodda da “Zirə”nin qapısına penalti təyin edilməli idi.

Hakimlər Komitəsi sədrinin səhvləri etiraf etməsi yaxşı haldır, lakin o, bütün bunların niyə baş verdiyinə dair tutarlı səbəb gətirə bilmir. Ən yaxşı halda isə “biz hələ bir ildir VAR-ı tətbiq etmişik” deyərək, təcrübəsizliyə işarə vurur.

Rauf Cabbarov bir epizodda da Miler Kulaça toxunmasa da, penalti nöqtəsini göstərir. Yalnız monitora baxdıqdan sonra səhvini aradan qaldırır. Son turun 3 oyununda hakimlər monitora baxaraq səhvlərini aradan qaldırıblar.

“Neftçi” – “Qarabağ” görüşündə İnqlab Məmmədov Stankoviçə qırmızı verilməsini VAR-a baxdıqdan sonra bildi. O, Ağdam klubunun qapısına penaltini də həmkarlarının müdaxiləsindən sonra təyin etdi.

“Zirə” – “Turan Tovuz” matçında Rauf Cabbarov iki dəfə penalti epizodunda monitora baxdı, birində qərarını ləğv etdi, digərində qüvvədə saxladı.

“Qəbələ” – “Səbail” qarşılaşmasında (4:2) Rauf Allahverdiyev meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etsə də, epizodu izlədikdən sonra səhvini aradan qaldırdı.

Təkcə elə bu faktlar onu göstərir ki, hakimlər VAR-a çox arxayın olurlar və “nə olsa səhvimi düzəldəcəklər” düşüncəsi ilə meydana çıxırlar. Belə olanda isə axırda Barış Şimşək sərəncamında olanlara görə üzr istəmək məcburiyyətində qalır.

AYXAN 

Bənzər xəbərlər