featured-image-10532

İspaniya yığmasının və “Betis”in müdafiəçisi Mark Bartra Türkiyənin “Trabzonspor” klubuna transfer olunub.

Msport.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı ispaniyalı ilə 3 illik müqavilə imzalanıb. “Trabzonspor” bu keçid üçün “Betis”ə 1 milyon 250 min avro ödəyib. Təcrübəli futbolçu 2025-ci ilin 30 iyununa kimi formasını geyinəcəyi bu klubda ilinə 1.5 milyon avro qazanacaq.

Mark Bartra “Barselona”nın yetirməsidir. O, 2010-2016-cı illər aralığında bu klubun əsas komandasında çıxış edib. 2016-cı ildə isə müdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) klubuna keçib. Almaniyada cəmi 2 mövsüm keçirən futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində 5 mövsüm ərzində 146 matça çıxıb, 7 qol vurub. Mərkəz müdafiəçisi İspaniya millisində də 14 oyun keçirib, 1 qola imza atıb.

Bartranı transfer edən “Trabzonspor” öz müdafiəçisi İsmail Köybaşı ilə müqaviləyə xitam verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçuya 2023-cü ildə bitməli olan müqaviləsinin ləğvi üçün 2 milyon 350 milyon TL təzminat ödənilib.

İsmail Köybaşı 2021-ci ildən “Trabzonspor”da çıxış edirdi. 33 yaşlı sol cinah müdafiəçisi daha öncə “Rizəspor”, “Qranada”, “Fənərbaxça”, “Beşiktaş” və “Qaziantepspor”da da forma geyinib. O, Türkiyə millisində 23 oyuna çıxıb.

“Betis” də yarımmüdafiəçisi Dieqo Layneslə yeni müqavilə imzalandığını açıqlayıb. Yeni sözləşməyə əsasən, meksikalı futbolçu 2025-ci ilin yayına kimi bu kluba məxsus olacaq. Lakin La Liqa təmsilçisi 22 yaşlı vingeri Portuqaliyanın “Braqa” klubuna icarəyə göndərib. Müqavilədə satınalma şərti də var. Portuqaliya klubu gələn yay bu oyunçunu birdəfəlik transfer etmək istəsə, ispanlara 7 milyon avro ödəməlidir.

Peşəkar karyerasına Meksikanın “Amerika” klubunda başlamış Laynes, “Betis”ə 2019-cu ilin yanvarında gəlib. O, La Liqa klubunda keçirdiyi 4 mövsüm ərzində 72 oyuna çıxıb, 4 qol vurub.

Bənzər xəbərlər