featured-image-11882

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, La Liqa təmsilçisi məhz bu klubun akademiyasından çıxmış Hektor Belyerini transfer edib.

İspaniyalı sağ cinah müdafiəçisi 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin “Arsenal” klubuna satılmışdı. 27 yaşlı futbolçu 11 il sonra doğma kluba azad agent kimi qayıdıb. Onunla 1 illik müqavilə imzalanıb və futbolçuya 50 milyon avro qiymət qoyulub.

Hektor Belyerin 10 ildən çoxdur formasını geyindiyi “Arsenal”da bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi geridə qalan mövsümü də “Betis”də icarədə keçirib. Belyerin İspaniya yığmasında da 4 oyun keçirib.

“Barselona” Serjinyo Dest və Abde Ezzalzulini də icarəyə göndərib. Dest İtaliyanın “Milan”, Ezzalzuli isə İspaniyanın digər klubu “Osasuna”ya keçib. Onların hər ikisi 2023-cü ilin yayına kimi icarədə olacaq. Abde “Osasuna”ya satınalma şərti olmadan icarəyə verilibsə, “Milan” Desti belə bir şərtlə heyətinə qatıb.

Abde Ezzalzuli Kataloniya klubuna 2021-ci ilin avqustunda 2 milyon avro qarşılığında keçib. O, ötən mövsüm Kataloniya təmsilçisində 12 oyuna çıxıb və 1 qol vurub. 20 yaşlı Mərakeşli vinger ölkəsinin gənclərdən ibarət yığmasında da forma geyinir.

Serjinyo Dest isə 2020-ci ilin oktyabrında Niderland “Ayaks”ından 21 milyon avroya alınıb. ABŞ yığmasının da üzvü olan müdafiəçi Kataloniya təmsilçisində iki mövsüm ərzində 72 oyuna çıxıb, 3 qola imza atıb. Daha öncə yalnız “Ayaks”da oynamış 21 yaşlı futbolçu, ABŞ millisində də 17 oyuna 2 qolla yadda qalıb.

Bənzər xəbərlər