"Başsız atlı" - "Neftçi"
“Neftçi” dünən gecə saatlarında Sankt-Peterburqa yola düşdü. “Ağ-qaralar” Rusiyada “Matç Tv” turnirində iştirak edəcək. Amma komanda səfərə necə çıxdı? Hə, bu yerdə Qəribi ağlamaq tutur. İyunun 29-dur və hələ də paytaxt klubu Mayn Ridin “Başsız atlı”sı vəziyyətindədir.
“Neftçi” yeni baş məşqçi tapmamış Laurentsiu Regekampfı istefaya göndərdi. Məsələyə diletantcasına yanaşan rəhbərliyin Sergen Yalçınla danışıqları uğursuz nəticələndi. Komandanın sükanı arxasına keçirməyə mütəxəssis tapmadıqlarından seleksiyaçı-məşqçilər Vadar Nuriyevlə İqor Getmanı qabağa verdilər. Bu duet “Neftçi”ni Bakıda məşqlərə çıxarmaqla yanaşı, Sankt-Peterburqa da aparası oldu.
Görünən odur ki, rəhbərlik Piter səfərinə kimi baş məşqçi məsələsini həll etmək istəyirdi. Lakin Sergenin həddən çox qiymət oxuması bütün planları alt-üst edib.
Baş məşqçi azmış kimi “ağ-qaralar” Emin Mahmudovun da məsələsini həll edə bilməyiblər. Kapitan yeni müqaviləyə imza atmayıb və təbii ki, Rusiyaya getmir. Ümumiyyətlə, günü-gündən Eminin “Neftçi”də qalmaq şansları azalır. Lap tutaq ki, Mahmudov başqa variant tapmasa və yeni müqaviləyə razılıq versə, təlim-məşq toplanışına qatılmayan, Piter turnirinə getməyən futbolçu yeni mövsümə nə dərəcədə hazır olacaq?
Hərdən adamda elə təəssürat yaranır ki, “Neftçi” həvəskar komanda kimi idarə olunur. Qarşısına UEFA Konfrans Liqasının qrupuna düşməyi məqsəd qoyan klub axı işlərini bu cür qurmamalıdır. Təsəvvür edin, klubun prezdenti, vitse-prezidenti, idman direktoru baş məşqçi danışıqlarından xəbərsizdir. Müşahidə Şurasının sədri və bəzi üzvləri bu missiyanı öz üzərlərinə götürüblər və hələ ki uğursuz davam etdirirlər.
“Neftçi”isə başsız atlı olaraq “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” qarşısına çıxır.
AYXAN







