Bayılda həyəcan siqnalı
“Səbail” Premyer Liqanın 2-ci turunu da məğlubiyyətlə başa vurdu. Bu həmin “Səbail”dir ki, bir neçə gün öncə haqqında “büdcələri xeyli artıb”, “avrokuboklara vəsiqə qazana bilərlər” fikirləri səslənirdi. İlk oyunu başa düşmək olardı, rəqib “Qarabağ” idi ki, indiki məqamda “Neftçi” və “Sabah”dan başqa hansısa komandanın Ağdam klubuna ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür. “Səbail”in “Qarabağ”a 1:3 hesablı məğlubiyyətinə görə Mahmud Qurbanova da bir söz deyən olmadı. Amma 2-ci tur…
…9 ildən sonra yüksək liqaya qayıdan, AFFA-nın, Futbolun İnkişafı Fondunun sayəsində büdcəsi formalaşan “Turan Tovuz” Bayıldan 3 xalla qayıda bildi. Əslində Ayxan Abbasovun komandası ilk turda “Qəbələ” ilə matçda da pis təsir bağışlamamışdı. Ancaq erkən qırmızı vərəqə planları dəyişmiş və “Qəbələ” istədiyi 2 qolu vura bilmişdi. Qərb klubu ucuz qiymətə gələn legionerlərdən və digər klublara lazım olmayan yerli futbolçulardan döyüşkən heyət formalaşdıra bilib. “Neftçi”də heyətə düşə bilməyən Xəyal Nəcəfov Tovuzda lider ola bilər, yaxud “Qəbələ”də ehtiyatda oturan Ehtiram Şahverdiyev yeni komandasında özünü göstərmək üçün imkan əldə edir. Tərlan Quliyev, Şəhriyar Əliyev kimi təsrübəli oyunçulardan danışmıram. Ötən mövsüm “Şamaxı”da heç cür fərqlənə bilməyən Natan Oduva isə “Turan Tovuz”da ilk rəsmi oyundaca rəqib qapısına yol tapa bildi. Ümumiyyətlə, qonaqların real qol vəziyyətləri daha çox idi. Runi Evanın yaxşı imkanı olsa da, topu Balayevin qapısından keçirə bilmədi.
“Səbail”in bəh-bəhlə təriflənən legionerlərini isə nədənsə, meydanda görə bilmədik. Daha doğrusu, onlar oyuna çıxmışdılar, özü də altısı birdən, hətta komandaya yeni gələn Maksim Çex də matçın gedişində şans əldə etdi. Sadəcə Tovuz klubu onları elə zərərsizləşdirdi ki, meydanda olub-olmadıqları bilinmədi.
Mahmud Qurbanov neçə vaxt idi ki, Premyer Liqada işləmək istəyirdi, iddialı idi. “Neftçi-2” artıq ona maraqlı gəlmirdi, daha ciddi hədəflər uğrunda, daha yüksək liqada özünü göstərmək arzusundaydı. Amma 2 tur geridə qalıb, hələ ki Qurbanovun komandası meydanda heç nə göstərə bilmir. Legioner deyirsən, artıqlaması ilə var. Pul? Ona da problem yoxdur Təki ortaya yaxşı komanda çıxsın, bu isə hələ yoxdur. “Səbail” rəhbərliyinin uzun müddət səbr edəcəyi isə inandırıcı görünmür. Deyilənə görə, klubun rəhbəri baş məşqçiyə deyib ki, “kimi istəyirsən al gətir, amma avrokuboklara düşək”. Lakin bu gediişlə, “dənizçilər”ə avrokubok perespektivi real görünmür.
ELNUR MƏMMƏDLİ