Beş tur baş hakim kimi təyinat almadı, indi mərkəzi oyunu ona verdilər
Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” – “Qarabağ” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Mingəçevirli referi 5 turdan sonra baş hakim kimi təyinat alır. O, sonuncu dəfə 1-ci turda “Turan Tovuz” – “Qəbələ” (0:2) görüşünü idarə etmişdi. Əhmədov ondan sonra 3-cü turda “Şamaxı” – “Səbail” qarşılaşmasında (1:1) VAR hakimi olub.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek CBC Sport-a verdiyi müsahibədə Əhmədovun formasında bir qədər eniş yaşandığını vurğulamışdı. Türkiyəli mütəxəssis bu səbəbdən ona təyinat verilmədiyini bildirmişdi. İndi isə Rəşad Əhmədov turun mərkəzi oyununu idarə etməli olacaq. Maraqlıdır, o, bir neçə turluq fasilədən belə bir ağır matçın öhdəsindən necə gələcək? Qeyd edək ki, Rəşad Əhmədov ötənlərin tanınmış hakimi Rövşən Əhmədovun oğludur.