featured-image-9944
9 ildən sonra böyük futbol Tovuza qayıtdı. “Şamaxı”- “Neftçi” oyununu izlədikdən sonra növbəti marşrutumuz Qərb bölgəsinə oldu.
Bakıdan 430 km aralıda yerləşən Tovuza yalnız gecə saatlarında gedib çata bildik. Gəncə tərəfdə güclü doluya düşməyimiz mənzil başına vaxtında yetişməyimizə bir az əngəl oldu. Amma nə yaxşı ki, Tovuza gedib o dolu stadionu, 90 dəqiqə komandalarına dəstək verən azarkeşləri, əsl futbol ab-havasını görə bildik.
Oyun günü saat 13 radələrində stadionun ətrafından keçəndə gördük ki, kassada bilet alanlar var. Bu ona işarə idi ki, axşam əsl anşlaq olacaq. Matçdan bir saat əvvəl stadiona gələndə isə artıq kassanın önündə əməlli-başlı növbə yaranmışdı. Stadiondan qara zurnanın “Cəngi” sədaları rəhmətlik “Texnika Bank”ın ofisinin yanına kimi gəlib çıxırdı. Yeri gəlmişkən, bankın binası elə yerdə tikilib ki, “Turan”ın oyunlarını izləyəndə hər dəfə görmək mümkündür.
Stadiona ayaq basan kimi Tovuz futbolunun əfsanələri Nizami Ocaqverdiyev, Nizami Sadıqov, Eltay Aslanov qabağımıza çıxdı. “Turan”ın güclü, çempion olan vaxtlarından maraqlı söhbət edə-edə gəlib çatdıq arenanın ortasına. Tovuz stadionunda şərhçi üçün də əla şərait yaradılıb, ən əsası meydanı rahat şəkildə görmək mümkündür. Bakının bir addımlığında olan Sumqayıtda illərdir bu problem həll olunmur və şərhçi meydanı tam görə bilmir.
media-298264749_5604730346244848_3031960853424496147_n
Oyun başladıqdan sonra da azarkeşlər dəstə-dəstə stadiona axışırdılar. Düzdür, üzbəüz tribunalara gün düşdüyündən heç kim orada oturmaq istəmirdi. Ancaq bu tərəfdə yerlər dolduğundan “Qəbələ” azarkeşləri olan tribunaya tərəf keçənlər də oldu.
Tovuzda gördüyüm ən maraqlı cəhət qırmızı vərəqə alan futbolçunun belə alqışlanması idi. Marakvelidze 32-ci dəqiqədə birbaşa qırmızı vərə alanda “Turan Tovuz” azarkeşləri onu paltardəyişmə otağına alqışlarla yola saldılar. Halbuki Azərbaycanda adətən belə situasiyalarda ən yaxşı halda azarkeşlərin reaksiyası “ə, niyə belə edirsən? qudurmusan?” olardı.
78-ci dəqiqədə Xəyal Nəcəfov əvəzlənərkən də meydanı alqışlarla tərk etdi – uduzan komandanın oyunçusu. Bu, çox vacib faktdır, belə bir dəstəyi görən futbolçular sabah meydanda canlarını qoyacaqlar.
Turun digər dörd oyununu üs-üstə 5100 azarkeş izləsə də, Tovuzda matça 5500 azarkeş gəldi. Biz belə Azərbaycan çempionatı istəyirdik, bir tərəfdə Tovuz, digər tərəfdə əyalətin digər təmsilçisi Qəbələ.
media-298330162_5604730369578179_5245378201632925016_n
“Turan Tovuz”a bir qədər vaxt lazımdır, heyət hələ tam komplektləşməyib. Ona görə də azarkeşlər səbrli olmalıdırlar. Ancaq əminəm ki, bir müddət sonra Tovuz stadionunda çox komandalar büdrəyəcək.
P.S. 8 avqust 1930-cu ildə Tovuz inzibati ərazi vahidi kimi rayon statusu alıb. Stadiona toplaşanlar həm “Turan Tovuz”un 9 illik fasilədən sonra Premyer Liqaya qayıdışını qeyd edirdilər, həm də şəhər gününü.
ELNUR MƏMMƏDLİ
 
 

Bənzər xəbərlər