"Bir yaxşı standart vəziyyət cütün taleyini həll edə bilər" - Çexiyalı məşqçi
Çexiyalı məşqçi Miroslav Jirkal UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyunu haqqında fikirlərini bildirib.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis qapıçı İndrjix Stanek haqqında müsabət fikirlər səsləndirərək, onun Çexiya yığmasının “1-ci nömrəsi” ola biləcəyini deyib. O, müdafiə xəttinin səfər qarşılaşmasında böyük işlər gördüyünü də qeyd edib:
“Stanekdən başqa, Mixal Bilek yaxşı işləyən müdafiəyə arxalana bilərdi. Baxmayaraq ki, topa nəzarətdə üstünlük rəqibin tərəfində idi. Statistikaya baxsaq, “Qarabağ”ın aşkar üstünlüyə malik olduğunu deyə bilərik. Amma belə deyil. “Plzen” taktiki baxımdan əla oyun keçirdi. Rəqibə heç bir imkan vermədilər, əksinə ilk hissədə 3 real şans əldə etdilər ki, həmin anda qol vurmalı idilər”.
Çexiyalı mütəxəssis “Viktoriya”nın heyətində ikinci oyununa çıxan Vatslav Yemelka haqqında da müsbət fikirlər səsləndirib: “Nəzərə almalıyıq ki, o yeni komandasında cəmi 2-ci oyununu keçirirdi. Yemelka meydanda ən yaxşılardan biri idi, Şeydayevə qarşı oynayırdı və “Qarabağ”ın futbolçusu qapıya bir zərbə belə endirə bilmədi.
Meydanın mərkəzində isə Lukaş Kalvaç hökmranlıq edirdi. “Qarabağ”ın iki oyununu izləmişdim və Kadi əla təsir bağışlayırdı. O, sol ayağı ilə komanda yoldaşlarına əla ötürmələr verirdi. Amma “Plzen”lə görüşdə bir dənə də həlledici ötürmə verə bilmədi. Kalvaç onunla ağır mübarizə apardı. Bu onun üçün böyük mükafatdır”.
“Sparta”, “Slaviya” kimi klublarda işləmiş məşqçi cəzalı duruma düşən Lukaş Heydasız “Viktoriya”nın “Qarabağ”a qarşı cavab oyununda şanslarını qiymətləndirib: “Bu, ilk görüşdən də çətin olacaq. Hər iki komanda əlindən gələni edəcək. Ancaq “Plzen” evdə doğma divarlar arasında dolu tribunalar önündə oynayacaq və bütün ölkə onların arxasında olacaq. Onların fərqlənmək üçün imkanları olacaq və bir yaxşı stadart vəziyyət cütün taleyini həll edə bilər”.