"Biz yalnız Haalanda ümid etsək, Çempionlar Liqasını qazana bilməyəcəyik" - Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Erlinq Haaland ətrafında yaradılan ajiotaja münasibət bildirib.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis norveçli hücumçu ilə bağlı belə deyib:
“Mən həmişə inanıram ki, titul qazana bilərik. Lakin biz yalnız Erlinqə ümid etsək, Çempionlar Liqasını qazana bilməyəcəyik. Onun qol vurmasına kömək etmək üçün biz yaxşı oynamalı, təhlükəli vəziyyətlər yaratmalıyıq. Bu halda Çempionlar Liqasının qalibi ola bilərik.
Haaland bizim komandaya ona görə gəldi ki, bilirdi, çox da hücumçumuz yoxdur və oyun stilimizə uyğunlaşa bilər.
Hamının yalnız Erlinqdən danışmasını yaxşı başa düşürəm. Ancaq mənim 4-5 yeni oyunçum var və ümid edirəm ki, onlar qısa vaxt ərzində adaptasiya olarlar.
Haalandın xüsusi keyfiyyətləri var. Vacib oyunlarda problemləri həll edə bilər. Lakin biz yaxşı oynamasaq, nə Çempionlar Liqasında, nə də Premyer Liqada qalib gəlməyəcəyik”.