Bizdən başqa hamı futbol oynamağı öyrəndi
Dünən AÇ-2024-ün seçmə mərhələsinin oyunları zamanı daha bir sensasiyanın şahidi olduq. Moldova millisi 0:2 hesabı ilə uduzduğu matçda geridönüş edərək Polşa üzərində qələbə qazandı – 3:2.
Özü də heyətində Robert Levandovski, Arkadiuş Milik, Pyotr Zelinski, Voytsex Şesnı kimi futbolçuları olan Polşanı.
Lüksemburq isə səfərdə Bosniya və Herseqovinanın qapısından 2 cavabsız top keçirdi.
Bundan əvvəlki günlərdə Ermənistan səfərdə Uels (4:2), Qazaxıstan Şimali İrlandiya (1:0), Belarus isə Kosovo üzərində qələbə qazanmışdı – 2:1.
Oturub bir-bir təhlil etsək, nə Qazaxıstanın, nə Belarusun, nə də Ermənistanın heyəti bizdən güclü deyil. Eyni sözü Moldova haqda da demək olar. Deməli, məsələ məşqçi işindədir. Heç nədən konfet kağızı düzəltməyi bacaran mütəxəssislər var. Qazaxıstanı çalışdıran Maqomed Adiyev Millətlər Liqasında komandasını qrup qalibi etmişdi, indi isə qazaxlar AÇ-2024-ün seçmə mərhələsində 4 oyundan 9 xal toplayaraq Finlandiya ilə 1-2-ci yerləri bölüşürlər.
Ermənistan qrupda 3 oyundan 6 xal yığıb və yalnız Türkiyədən geri qalır.
Biz isə Estoniya ilə qarşılaşmada məğlubiyyətdən qaçmağımıza və 2-ci hissədə nisbətən yaxşı oyun göstərməyimizə sevinirik. Postsovet məkanının adını çəkdiyimiz komandalarının nəticəsinə baxanda adam utanır. Yenə deyirəm, əgər bu yığmaların heyətində top-futbolçular olsaydı, adamı o qədər də yandırıb tökməzdi. Fikirləşərdin ki, usta futbolçular var, oyunların taleyini həll edirlər. Axı onlr bizim yığmadan o qədər də fərqlənmirlər.
Bəs niyə belə? Nə vaxta qədər millimizin biabırçı nəticələrinə məyus olacağıq? Təəssüf ki, bu sualların cavabı məndə yoxdur. Yəqin ki, elə De Byazi, AFFA rəsmiləri, futbolçularda da.