featured-image-29022

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Turan Tovuz” səfərdə “Zirə”ni üstələyib – 1:3.
Msport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Ayxan Abbasov matçdan sonra bunları deyib:

– Bizim üçün önəmli oyun idi. Kubokda məğlub olandan sonra futbolçuları bu matça kökləmək çətin idi. Kuboka daha çox motivasiya olmuşduq. Qışdan bəri bir az stressdə idik. Final oynamağı çox istəyirdik. Qısa vaxtda futbolçularımız köklənə bildilər. Gərgin oyun oldu. “Zirə”yə qalib gələ bilməmişdik, üç oyunda da məğlub olmuşduq. Bilirdik ki, Zirə səfəri çox çətindir. Burada hər kəs xal qazana bilmir. Maraqlı, dinamik oyun oldu. Penaltilər verildi, ləğv olunanlar oldu. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Premyer Liqada qalmaq üçün vacib 3 xal idi. Mövsüm başlayandan 6-cı yerdə gedirik. Bizdən təcrübəli komandalar var ki, bu yeri istəyir. Bizim üçün mövsümü 6-cı yerdə bitirmək xoş olar. Amma rəqiblərimizin də şansı var. Qarşıda çətin oyunlar var. Bu 4 matç bizim gələcəyimiz üçün vacibdir. Komandamı təbrik edirəm, azarkeşlərimizə də təşəkkür edirəm. Rəhbərliyə təşəkkür etmək istəyirəm ki, komandanın bu çətin durumunda futbolçulara dəstək oldular.

– Kubokun yarımfinalında “Neftçi”yə qarşı belə oyun sərgiləsəydiz, daha yaxşı olmazdı?

– Oyunları qarışdırmayaq. Heç kim bilmir ki, biz o matça necə hazırlaşmışdıq. Bizim planların baş tutub-tutmamağı önəmlidir. Bilirəm hər kəs bir az qınayır. Normaldır. Oyundan sonra müzakirələr olmalıdır. “Neftçi” ilə görüşdə 70-ci dəqiqəyə kimi bütün planlarımız düz gedirdi. Hücumda çoxala bilməməyimizin səbəbi rəqib idi. 70-ci dəqiqədən sonra futbolçularımız yükü daşıya bilmədi. Bəzi mütəxəssislərin fikirlərini görürəm. Mənə bir az ağır gəlir. Həmin mütəxəssislər “Turan Tovuz”dan güclü komandalarda işləyiblər. Hücum futbolu görməmişik, komandaları I Diviziona salıblar. Oyun bitəndən sonra deyirlər ki, mən olsaydım, hücum futbolu oynayardım. Bu, bir az təsir edir. Qalan bütün fikirlər mənim üçün dəyərlidir. Bəli, belə oynasaydıq, finala çıxardıq. Belə oynamaq üçün çalışmaq lazımdır.

– Mediada belə xəbərlər var ki, bəzi artıq gələn mövsümü düşünür, indidən rəhbərliklə pul söhbəti edirlər. Buna görə də bəzi oyunçular “Neftçi” ilə görüşdə zəif çıxış edirdilər. Biz nə dərəcədə doğrudur?

– Xeyr. Belə söhbət olmayıb. Bu futbolçuların üstünə çox gedə də bilmərəm. Onlar klubun büdcəsi bilinməyəndə gəlib oynayıblar. Bu gün heç bir narazılıq etmirlər. Çünki, bu xalları yığan da onlardır. Bəli, bəzi futbolçularla danışıqlarımız olub, razılaşmışıq. Bəziləri gözləmə mövqeyində oldu. “Qarabağ”da, “Neftçi”də önəmli futbolçular var ki, hələ gözləyirlər. Bu, o demək deyil ki, o futbolçular qalmaq istəmirlər. Bizim də bəzi oyunçular gözləmək istədilər. Normal qarşıladıq. Amma heç bir futbolçu ilə pul söhbətimiz olmayıb. Bəzi oyunçuların performansı aşağı düşə bilər. Son vaxtlar Natan Oduvanın adı çəkilir. Bu gün gördüz ki, Natan ən yaxşılardan idi. Biz və bizdən aşağıda olan komandalarda bir şey çatmır, o da stabillikdir. Hansısa futbolçu olmayanda onu əvəz etmək çətin olur. Bu gün oyunçularımızdan razıyıq. Elə böyük problem yoxdur. Vaxtımız da var. Kim istəsə, razılaşacağıq.

– Son matçlarla müqayisədə “Turan Tovuz” bu gün yaxşı oyun göstərdi. Bu, nə ilə bağlıdır? Taktika dəyişib, yoxsa oyunçularla bağlıdır? Bunun sirri nədir?

– Yaxşı oyunlarımız olub. Futbol belədir ki, bir matçda zəif oynayanda o müzakirə olunur. Sanki, 1 ildir zəif oynayırıq. Bu da normaldır. Uduzanda səni tərifləməyəcəklər. Ümumi götürsək, bizim yaxşı oyunlarımız çox olub. “Qəbələ”dən, “Neftçi”dən xallar almışıq, səfərdə “Sabah”ı məğlub etmişik. İkinci beşlikdə də “Sumqayıt”dan başqa digər rəqiblər qarşısında üstünlüyümüz var. Zəif oyunlarımız da olub. Bunu bilirik. O matçları da yaxşı oynasaydıq, yuxarı pillələrdə olardıq. Sirr odur ki, kubokun stressini atdıq. Kubokun stressi görünürdü. Bir şeyi həddən artıq istəyəndə də mane olur. Gələcəkdə futbolçular buna da alışacaqlar. Elə oyunçular var idi ki, ilk dəfə yarımfinalda çıxış edirdilər.

– Natan Oduvanın adı “Neftçi” ilə hallanır. Bu, doğrudur?

– Bilmirəm, eşitməmişəm. Oduvanın özü ilə bir dəfə söhbətimiz olub. Çempionatın sonunu gözləməyi məsləhət gördü. Onun qərarına hörmət edəcəyik. Özünün bildirdiyinə görə heç bir klubla danışmayıb.

– Növbəti turda “Neftçi” ilə oynayacaqsız. Kubokun qisasını almaq hissi var?

– Yox. Futbola qisas kimi yanaşmayaq. Amma istəyirik ki, azarkeşlərimizin qarşısında qalib gələk. Başqa bir hissimiz yoxdur.

Bənzər xəbərlər