featured-image-38562

“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin Msport.az saytına müsahibəsi

– Təqribən iki həftəlik fasilədən sonra komandada ümumi vəziyyət necədir? İkinci növrəyə nə dərəcə hazırsınız?

– Fasilənin olması yaxşıdır ki, çatışmayan cəhətlərinin üstündə işləyirsən. Qarşıdakı oyunlara hazırlaşmaq üçün daha çox vaxtın olur. Fikrimcə, toplanış yaxşı keçdi. Yoxlama matçı da oynadıq. Pis təsir bağışlamadıq.

– II dövrəyə “Qarabağ”a qarşı oyunla start verəcəksiniz. Yəqin ki, ilk oyunda daha münasib rəqiblə qarşılaşmaq istərdiniz?

– Onsuz da çempionatda bütün komandalarla qarşılaşırıq. Ona görə rəqibin kimliyi elə də fərq etmir. Bütün komandalar bir-birindən xal ala bilir. İlk dövrədə bunun şahidi olduq. Evdə oynasaq da, çətin görüş olacaq. “Qarabağ”ın gücü hər kəsə bəllidir. Bu komanda haqqında əlavə şərhə ehtiyac yoxdur. Rəqibin heyətində də milli komandalara gedən oyunçular oldu. Onların bəziləri uzaq yoldan gəliblər. Maraqlı və ağır oyun gözləyirəm.

– Meydana hansı nəticə üçün çıxacaqsınız?

– Rəqibi düzgün analiz edib, verilən tapşırıqları dəqiq yerinə yetirib müsbət nəticə qazanmağa çalışacağıq.

– Ağdam klubu fasiləyədək əla formada idi. Bu amil sizi narahat etmir?

– Doğrudan da “Qarabağ” son vaxtlar əla temp yığıb, ideal formaya düşüb. Bizim üçün çətin olacaq. Ümumiyyətlə, bu mövsüm çempionatda asan oyun olmur. Əsas odur ki, düzgün oynayaq.

– Komandanız 4 oyundur qələbə qazana bilmir. Görünür, “Sabah” üzərində qələbədən sonra komandada arxayınlıq yaranıb…

– Hansısa ciddi uğur qazanmamışıq ki, arxayınlıq yaransın. Çempionatda lider olsaydıq, başqa məsələ. Yəni, böyük bir iş görməmişik. “Qəbələ” ilə oyunda öz səhvimizdən xal itirdik. Daha sonra “Sumqayıt”la heç-heçə etdik. İki həftə ərzində çatışmayan cəhətlərimizin üstündə işləmişik.

– Son sual Azərbaycan millisi ilə bağlı olacaq. Yığmanın seçmə mərhələdəki son iki matçı barədə fikirləriniz maraqlı olardı…

– Səfərdə Estoniyanı məğlub etdikdən sonra Avstriya ilə ev oyununda xal qazana bilərdik. Rəqib final mərhələsinə vəsiqə qazanmaq istəyirdi, ona görə də meydana qələbə üçün çıxmışdılar. Son saniyələrdə qol şansımız oldu, amma istifadə edə bilmədik. Düşünürəm ki, millimiz pis təsir bağışlamadı. Təki, komandamız inkişaf etsin və yaxşı nəticələr əldə etsin.

Bənzər xəbərlər