Boris Qelfand Azərbaycan şahmatçıları ilə işləyəcək
Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Qelfand Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gəlib.
Msport.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən İsrail şahmatçısı ilə əldə olunan razılıq əsasında Qelfand təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək.
Tanınmış qrossmeyster ölkəmizdə olduğu müddətdə Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləri ilə məşğul olacaq.
Qeyd edək ki, uzun illər İsrail millisində çıxış edən Boris Qelfand 2009-cu ildə Dünya Kubokunun, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə dünya çempionluğu uğrunda matçda iştirak edib.