featured-image-24552

Bu gün AFFA-nın növbəti Konfransı, Konfransdan sonra İcraiyyə Komitəsinin iclası olacaq. İK-da ən çox maraq doğuran məsələlər I divizionla bağlıdır.

Gündəliyə I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın, eləcə də Birinci Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi daxildir. Bundan başqa, 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi maraq doğuran mövzulardandır.

Artıq xeyli vaxtdır ki, AFFA I Divizionda komandaların sayını artırmaq istəyir. Yeni mövsümdən Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri birinci dəstəyə buraxılmayacaq. Yenidən əvvəlki kimi əvəzedicilərin ayrıca çempionatı keçiriləcək.

Qeyd edək ki, əvəzediciləri çıxsaq, hazırda Divizionda 6 komanda – “Araz Naxçıvan”, MOİK, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Mingəçevir” və “İmişli” mübarizə aparır. AFFA və PFL gələn çempionata daha 6 klubu cəlb edərək 12 komandalı yarış keçirmək istəyir. Bunun üçün də Region Liqasından bəzi komandalara I dəstədə çıxış etmək üçün lisenziya veriləcək.

AFFA İK-nin gündəliyində Premyer Liqa ilə bağlı məsələ olmasa da, əldə etdiyimiz məlumata görə, gələn mövsüm yüksək liqada komandaların sayının artırılması müzakirə olunacaq. Hər nə qədər inandırıcı görünməsə də, çempionatda klubların sayı 12-ə çatdırıla bilər. Əgər belə olarsa, bu mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edən olmayacaq, I Diviziondan isə iki komanda elitaya yüksələcək. Düzü indiki məqamda buna görə əlavə maliyyənin ayrılacağı o qədər də real görünmür. Qeyd edək ki, yüksək liqada çıxış edən komandalara SOCAR xətti ilə mövsümə 3 milyon manat  verilir.

Artıq neçə vaxtdır ki, “Araz Naxçıvan”ın gələn çempionat Premyer Liqada oynayacağına dair xəbərlər gəzir. Əgər ikinci komandaya da şans verilərsə, bir qədər fikirlər haçalanacaq. Əslində Naxçıvan təmsilçisindən başqa digər komandaların hazırkı vəziyyətdə Premyer Liqada oynayacaq səviyyədə olmadığı  gün kimi aydındır.

Bir sözlə, AFFA Konransı və İK-nin iclası maraqlı müzakirələr və qərarlar vəd edir.  Odur ki, diqqətiniz orda və bizdə olsun.

AYXAN 

Bənzər xəbərlər