featured-image-25379

“Səbail”in baş məşqçisi Şahin Diniyev evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununu şərh edib.

Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis çempionata layiq qarşılaşma izlədiklərini bildirib. O, hər iki komandanın qələbə qazanmaq istədiyini söyləyib: “Ona görə də hücumların sayı, qol epizodları çox idi. Nəticənin ədalətli olduğunu deməzdim. Qol epizodları bizdə daha çox oldu. İlk hissədə daha yaxşı oynadıq. Qələbə bizim üçün çox vacib idi. Amma 1 xal da qızıla bərabərdir. Ümid edirəm ki, bu xal may ayında bizə çox lazım olacaq. Ardıcıl uğursuz matçlardan sonra bu gün öz oyunumuzu göstərməyə çalışdıq. Mövqeyimiz futbolçuların üzərində psixoloji təzyiq yaradır. Üstümüzdə uduzmaq xofu var. Mənə elə gəlir ki, bu, tezliklə keçəcək. Zədədən qayıdan futbolçularımız tam formada deyillər. Millinin oyunları ilə bağlı yaranacaq fasilədən istifadə etməklə çatışmazlığı aradan qaldıra bilərik. Dördüncü dövrədə daha inamlı oynayacağımıza ümid edirəm. Rəqib təşəkkür edirəm. Çox yaxşı müdafiə olunub əks hücumlarda oynamağa çalışırdılar. Qapımız qarşısında çox qol epizodu yaratmalarına imkan vermədik”.

Diniyev Mirabdulla Abbasovun ehtiyatda qalmasının səbəbini də açıqlayıb: “Bu gün düşdüyümüz duruma görə səhv qərarlar verə bilərdik. Luvaqa Kizito zədədən yenicə qayıdıb. Aqressiv futbolçudur. “Qarabağ”a qarşı ötən tur keçirdiyimiz oyunda istifadə edə bilmədiyi 3 qol epizodu var idi. Düşündüm ki, artıq formaya düşüb, fərqlənə bilər. Mirabdullaya daha çox boş zona lazımdır ki, sürəti hesabına təhlükə yaratsın. “Turan Tovuz” isə müdafiədə otururaq bizə boş zona vermədi. Müdafiəni yarmaq üçün texniki cəhətdən daha hazır olan iki futbolçu – Kizito və Ağabala Ramazanova şans verdim. Bu addımıma görə peşman deyiləm”.

Cari mövsüm iki dəfə qırmızı vərəqə alan Qustava de Fransanın çıxışına da toxunan baş məşqçi onun intizamsız oyunçu olmadığını vurğulayıb: “Müdafiəçi təkbətək mübarizələrdə sürəti çatmayanda qırmızı vərəqələr alır. Yəni, hakimi, rəqibi təhqir etməyib. Sırf oyun epizodlarıdır. Hər bir oyunçuma inamım böyükdür. 4-5 gün məşq etməmişdi. Ona görə gənc müdafiəçi Vüqar Həsənovu meydana buraxdıq. Pis təsir bağışlamadı. Sevindirici haldır ki, bizdə belə müdafiəçilər var”.

“Səbail” finişə 9 tur qalmış 18 xalla sonuncu pillədə qərarlaşıb. Diniyevin sözlərinə görə, bu vəziyyət onu narahat etmir: “Bu oyun gələcəyə nikbin baxmağa imkan verir. Hücumda böyük potensialımız var. Ön xətt oyunçularının tam formaya düşməsindən sonra daha çox qol vurmağa çalışacağıq. Bəlkə də bu sualı “Sumqayıt”la oyundan sonra versəydiniz, cavab verməkdən yayına bilərdim. Amma “Turan Tovuz” elə-belə komanda deyil, müdafiədə çox mükəmməl oynayır. Belə müdafiəni bir neçə dəfə yarmaq asan deyil”.

Təcrübəli mütəxəssis Turan Manafova az şans verməsini bu cür izah edib: “Potensialı olan futbolçudur. “Şamaxı” ilə oyuna start heyətində çıxmalı idi. Sadəcə, zədələndiyi üçün oynaya bilmədi. Uzun müddət müalicə aldı. Onun mövqeyində oynayan Petro Stasyuk da zəif deyil. Hər oyunumuz finala bərabər olduğu üçün risk etməyə qorxurdum. Ona görə də hər matçda az-az oynamasına imkan yaradırıq. Formaya düşdükcə, əvvəlki Turan olacaq”.

CAHİD

Bənzər xəbərlər