featured-image-6780

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşanın “sport.tvp.pl” saytına müsahibə verib. Msport.az  Azərbaycan oxucuları üçün kifayət qədəq maraqlı olacaq müsahibəni təqdim edir:

Asif Əsgərov “Lex”in Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan “Qarabağ”ın 2004-cü ildən baş meneceridir. O, öz müsahibəsində baş məşqçi Qurban Qurbanovun iş prinsiplərindən, “Qarabağ”dakı işindən danışır, Polşa klubları ilə oyunları və Yakub Jezniçakı xatırlayır. Əsgərov həmçinin Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verir.

  • Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü haqqında nə düşünürsünüz? Deyəsən, daha yaxşı ola bilərdi?
  • Biz artıq on ildən çoxdur ki, avrokuboklarda mübarizə aparırıq. Çempionlar Liqasında oynamaq üçün hansı səviyyədə olmaq lazımdır, bundan xəbərdarıq. Bütün klublara hörmətlə yanaşırıq. Lakin etiraf edək ki, “Lex Poznan” bu mərhələdə qarşılaşa biləcəyimiz ən güclü komandadır. Hər halda kağız üzərində belədir.
  • “Lex” haqqında artıq nələri bilirsiniz? 
  • Bilirik ki, Polşanın ən böyük klublarından biri ilə üz-üzə gəlməli olacağıq. “Lex”in Polşa çempionu olması, artıq çox şeydən xəbər verir. Bizi çətin oyunlar gözləyir. Ancaq bir qədər əvvəl dediyim kimi artıq 10 ildən çoxdur avrokuboklarda çıxış edirik və bu cür mübarizəyə öyrəşmişik. “Lex”ə hörmətlə yanaşırıq. Ona görə də bu matçlara kifayət qədər ciddi şəkildə hazırlaşacağıq.
  • Sizin komandanı avrokuboklardakı debüt vaxtından izləyirəm. Oyun stiliniz, transferlər. Bütün bu nəticələr heç də təsadüfi görünmür. 
  • Həyatda heç bir şey təsadüfi olmur. Bizim nəticələr ağır zəhmətin bəhrəsidir. Peşəkar skaut sistemimiz var. İl boyu transfer proseslərinə nəzarət edirik. Bizim oyun sistemimizə uyğun gələn futbolçuları axtarırıq. Milli adət-ənələri və yerli mentaliteti də nəzərə almalıyıq. Bir ümumi prinsipimiz var: futbolçu hardandır və buna qədər harada oynamasının bizim üçün əhəmiyyəti yoxdur.  Birinci növbədə o bizim futbola və mentalitetə adaptasiya olmalıdır. Elə büdcəmiz yoxdur ki, istədiyimiz vaxt istədiyimiz oyunçunu gətirək. Daha çox boşda olan və oynadığımız futbola uyğun gələnləri axtarırıq. Son illər transfer siyasətimiz xüsusi ilə yaxşı işləyir. İdarə heyətini razı salan sistem yaratmışıq.
  • Skaut Departamentiniz necə qurulub? Orada neçə nəfər işləyir?  
  • Bizim üşün keyfiyyət kəmiyyətdən önəmlidir. Futbolçularda axtardığımız keyfiyyətlərlə bağlı dəqiq məlumatları olan, bu işi yaxşı bilən peşəkarları işə götürürük. Klubun strukturunda digər komandalardan fərqlənən xüsusi bir şey yoxdur.
  • Futbolçularda hansı keyfiyyətləri axtarırsınız? 
  • Bu sual daha çox texniki şöbəyə aiddir. Onlarda bəlli siyahı var və klubun ehtiyaclarına uyğun iş görürlər. Rəhbərlik buna müdaxilə etmir. Onların qərarı, bizim qərarımızdır.

media-8a599aff-8868-4403-9048-b730ec0e6827

  • Heç kimə sirr deyil ki, Azərbaycan çempionatı o qədər də cəlbedici deyil. Həm idman baxımından, həm də azarkeşlər. Orada 8 komanda çıxış edir və heç biri aşağı liqaya düşmür. Belə şəraitdə işləmək çətin deyil ki? 
  • Düzdür, bizim liqa cəlbedici sayılmır. Amma nə edə bilərik? Burada işləməyə öyrəşmişik. Bizim çempionat o qədər də məşhur olmasa da, burda birinci yeri tutmaq elə də asan deyil. Çempionatın səviyyəsi daha yüksək olsaydı, bu, inkişafımıza daha çox təkan verərdi. Lakin biz bu yarışda iştirak edirik və Azərbaycan Premyer Liqasına hörmətlə yanaşırıq. Avropa Liqasında daha yüksək reytinqli klublarla qarşılaşanda fərqi aradan qaldırmalıyıq. Reallıqları qəbul edirik.
  • “Kopenhagen” üzərində qələbə qazanıb Çempionlar Liqasında qrupa düşdükdən sonra PAOK-dan Pedro Enrikeni götürdünüz. O, həmin vaxt artıq kifayət qədər tanınmış futbolçu idi. Niyə liqanızda forma geyinən Maykl Essyen, Keysuke Honda kimi oyunçularla müqavilə bağlamırsınız?
  • Biz Pedronu onun adına-sanına görə transfer etmədik. Bu transferin arxasında duran yeganə məqam komandamızın oyun sisteminə uyğunlaşması idi. Biz sistemə üstünlük veririk, adlara yox. Keçmiş ulduzlardan kiminləsə müqavilə bağlayırsan və sonra foto, reklam vaxtı gəlib çatır. Nəticə əldə etmək üçün də vaxt olmur.
  • Yakub Jezniçak sizin komandaya gələndə Polşada fikirlər səslənirdi ki, karyerasının son illəridir və pul qazanmağa gedib. Sonra Kuba orada bir neçə titul qazandı və Çempionlar Liqasının qrupunda oynadı. Onu necə xatırlayırsınız? 
  •  Kuba əsl peşəkardır və çox yaxşı insandır. İndi də bizə azarkeşlik edir. Bizdə olan iki il ərzində formada olub-olmamasından asılı olmayaraq, bilirdim ki, əlindən gələni edir. İndiyə qədər onunla çox yaxşı münasibətlərimiz var. Ümumiyyətlə, çalışırıq ki, bütün keçmiş oyunçularımızla dostluq münasibətlərimizi davam etdirək. Ona həyatda və futbol karyerasında uğurlar arzu edirəm.
  • Bilmirəm, xəbəriniz var, ya yox. “Qarabağ” Polşada bizim klubların qənimi hesab olunur. “Visla Krakov”la qarşılaşanda sizi heç kim tanımırdı, amma Polşanı nəticə ilə şoka sala bildiniz. 2013-cü ildə artıq “Piast”la dueldə favorit idiniz. 2020-ci ildə Varşavaya sanki öz meydanınız kimi gəldiniz. Həmin oyunlardan nəyi xatırlayırsınız? 
  • Dediklərinizin hamısı doğrudur. Yadımdadır ki, üç dəfə Polşa klubları ilə qarşılaşmışıq. Bu oyunlar fərqli idi. Polşa klubları ilə hər görüşdən özünəməxsus xatirələr qalıb. “Visla Krakov”la matç zamanı rəqib çox güclü idi. Heç kim bizim şansımızın olmasına inanmırdı. Polşada 1:0 qalib gəldik, 3:2 də Bakıda. “Piast”ı yalnız əlavə vaxtda vurulan qol hesabına məğlub edə bildik. “Legiya” ilə oyun isə klubun tarixində ən vacib qarşılaşmalardan biri idi. Ordumuz həmin vaxt işğal altında olan eyniadlı Qarabağ torpaqlarını azad etməyə çalışırdı. Zədəli futbolçularla bağlı böyük problemlərimiz var idi. 18 oyunçunu iştirak ərizəsinə daxil etməkdə belə çətinlik çəkirdik. Buna baxmayaraq, 3:0 hesabı ilə qələbə qazandıq. Bu, inanılmaz idi. Bu, bütün Azərbaycanın qələbəsi idi. Bu oyunda qalib gəlmək tarixi və mənəvi borcumuz idi.

media-2af22149-a148-45c2-aa22-f4958cc2dbd6

  • Bütün bu oyunları məşqçi Qurban Qurbanovun fiquru birləşdirir. Cənab Qurbanov 2004-cü ildən klubda işləyir. Bəlkə sizin uğur sirriniz məhz bundadır? O vaxtdan Polşa klublarında minlərlə məşqçi dəyişib. Təsəvvür edək ki, mən Polşa klubunda idman direktoruyam. Sizin yolunuzla getmək üçün nə etməliyəm? 
  • Təcrübə bilikdən daha önəmlidir. Amma bu o demək deyil ki, siz kimi isə seçsəniz, uğura təminat veriləcək. Qurban Qurbanov baş məşqçi təyin olunanda özümüzü 15 il bir yerdə işləməyə kökləməmişdik. Həmin vaxt hər il avrokuboklarda iştirak edən bir klub deyildik. Ancaq psixoloji olaraq uğura hazırlaşırdıq. Qurbanovun ilkin olaraq minimum hədəfi avrokuboklara vəsiqə qazanmaq idi. Həmin dövrün reallığını nəzərə alsaq, asan iş deyildi. Azərbaycan kubokundakı qələbədən sonra buna nail olduq. Bu, bizim gələcək taleyimizi müəyyənləşdirən qığılcım oldu. Biz güclü və stabil klub olduq. İlk çempionluğu beş il gözlədik. Ancaq səbr etdik və məşqçiyə işləməyə imkan verdik. İldən-ilə təkcə idman baxımından deyil, mənəvi cəhətdən də böyüdük ki, titulalra hazır olaq.
  • Qurban Qurbanov necə insandır? 
  • Bu illər ərzində bir-birimizi yaxşı tanıdıq. Qurbanov elə adamdır ki, onu yaxından tanıdıqca bir çox müsbət keyfiyyətlərini görürsən. O, Azərbaycanda çox məşhur olmasına baxmayaraq, sadəliyini qoruyur. O, özündənrazı deyil və bütün insanlara hörmətlə yanaşır. Birlikdə işlədiyiniz uzun illər ərzində kiminsə hansısa vəziyyətdəki reaksiyasını görüb  özünü necə aparmasını müəyyənləşdirmək olur. Bu çox vacibdir. Qarşılıqlı inam da  vacib məsələdir. Məşqçi ilə münasibətlərimizdə bu nümunəvidir. Qurbanovun məşqçilik keyfiyyətlərindən yeniliyə açıq olmasını demək olar. O, heç vaxt uğurdan kənarda qalmaz və komandaya motivasiya verir. Ola bilsin ki, “Qarabağ”ı uzun illər uğura aparmasının sirri bundadır. Prinsipial adamdır, vətənini sevən patriotdur, Azərbaycanın layiqli vətəndaşıdır. Qurbanov oyunçu karyerasını başa vurduqdan sonra ölkəmizin futbol səfiri kimi fəaliyyət göstərir deyə bilərik. Azərbaycan prezidenti 3 dəfə klubumuzda olub. Ümumiyyətlə, idman klublarına baş çəkmək prezident üçün nadir hadisədir, amma Qurbanovun personasına görə bizə istisna edib.
  • Qarabağ” 1993-cü ildən Ağdamda oynamayıb. Perespektivdə doğma şəhərə qayıtmaq real görünürmü, yoxsa siz artıq Bakıda məskunlaşmısınız? 
  • “Qarabağ” 1993-cü ildən doğma şəhərindən təcrid olunub. Bu dəhşətli dövr 2020-ci ilin noyabrında Azərbaycan ordusunun Qarabağı işğaldan azad etməsindən sonra başa çatdı. Bu illər ərzində biz qaçqınların idman vasitəsi ilə səsi olmağa çalışdıq. İndi buna inanmaq çətin olsa da, 90-cı illərdə “Qarabağ” çətinliklə klub kimi fəaliyyətini davam etdirib. Lakin bütün bunlara baxmayaraq, klub adına sadiqliyini davam etdirdi və hər zaman bu bölgəni təmsil etdi. Klubun missiyası var idi: hər addımda 1 milyon qaçqına ümid bəxş etməli idik. İllər boyu Prezident İlham Əliyevə inanırdıq ki, o, Dağlıq Qarabağın azad edilməsi üçün əlindən gələni edəcək. 2008-ci ildə biz Ağdama yaxın bölgədə (Quzanlı Olimpiya Kompleksi) oynadıq, amma ermənilərin bombardmanı səbəbindən bu, təhlükəli idi. Bayaq dediyim kimi 2020-ci ildə torpaqlarımızı qaytara bildik. Təəssüf ki, bütün Qarabağ bölgəsi erməni ordusu  tərəfindən dağıdılıb. Xüsusən də xarici KİV-də Qarabağ Xirosiması adı ilə tanınan Ağdam. Biz səbirsizliklə Ağdama qayıdışımızı gözləyirik. Amma bu, yaxın gələcəyin işi deyil. Ağdamın bərpası xeyli vaxt aparacaq.
  • “Qarabağ” oyunlar zamanı sanki öz köklərini xatırladır. Xatirimdədir, Çempionlar Liqasında “Çelsi” ilə matçdan öncə azarkeşlər “evdən uzaqda, amma aid olduğun yerdə” bannerini qaldırmışdılar. Həmçinin bilirəm ki, 2017-ci ildə klubun spsial şəbəkə hesabında öldürülmüş balaca qız uşağının şəklini yayımlamışdınız. Bu, onu göstərir ki, siz həqiqətən də susmaq fikrində deyilsiz. 
  • Biz Çempionlar Liqasının qrupunda oynamış yeganə Azərbaycan klubuyuq. Bu, bütün ölkə üçün möhtəşəm, unudulmaz anlar idi. Hər zaman sülhün tərəfdarı olmuşuq. Hər bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sərhədləri var. Hər kəs də buna hörmətlə yanaşmalıdır. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Dağlıq Qarabağ isə artıq 30 il idi ki, dağıdılmış bir bölgə idi. 2020-ci ildə 44 günlük müharibədən sonra torpaqlarımızı işğaldan azad etdik və yaxın illərdə milyonlarla insan öz evlərinə qayıdacaq.

media-73a6ad18-7006-4488-b227-97cbe9e2af62

  • Siz azərbaycanlısınız və məntiqlidir ki, Ermənistan sizin üçün düşmən ölkə və işğalçıdır. Ancaq bir məsələdə xətti keçdiz. Mən sizin sabiq mətbuat katibiniz Nurlan İbrahimovun paylaşdığı “hər bir ermənini, uşaq, qadın öldürmək lazımdır və bunu soyuqqanlılıqla etmək lazımdır” yazdığı postu nəzərdə tuturam. Sizin klub buna görə UEFA tərəfindən cərimə olundu. 
  • Hər kəs qarşısındakı insanı günahlandıra bilər. Lakin küçədə futbol oynayarkən 7 yaşlı uşağın bombardman nəticəsində tikə-tikə parçalanmasını görən adamın yerinə özünüzü qoymağa çalışın. Nurlanı 15 ildən çoxdur tanıyıram və onun özünü heç vaxt belə apardığını görməmişəm. Bu, müharibə dövründə olan emosional səhv idi. Nurlan qız atası kimi ermənilərin Tərtər şəhərini bombalamasına hiddətlənmişdi. Emosiyalar sakitləşən kimi o, yazdığını sildi. Fikrimcə o, səhvə yol verib, amma bunun cəzası ömürlük futboldan uzaqlaşdırılmaq olmamalıdır. Nurlan heç bir insanı öldürə bilməz. Hzırda CAS məsələni araşdırır. İnanıram ki, CAS doğru qərar verib cəzanı yüngülləşdirəcək.
  • Bir azərbaycanlı olaraq davamlı sülhün olacağına inanırsınız? 
  • Azərbaycan həmişə sülhsevər ölkə olub. Heç vaxt qonşularımıza qarşı ərazi iddialarımız olmayıb. Halbuki mən özüm Ermənistanda Quqarkda anadan olmuşam. Ata və babalarım uzun illər orada yaşadıqdan sonra qaçqın düşmüşük. Azərbaycan çoxmillətli ölkədir. Burada talışlar, avarlar, ləzgilər, kürdlər, slavyanlar və digərləri yaşayır. 44 günlük müharibə zamanı bu xalqların nümayəndələri Qarabağın azadlığı üçün döyüşlərdə iştirak edirdilər. Biz çox sülpərvər ölkəyik. Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Lakin heç vaxt bununla barışmayacağıq və unutmayacağıq ki, günahsız insanlarımız öldürülüb.

Bənzər xəbərlər