featured-image-10624

“Qarabağ” 6 il əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində keçə bilmədiyi “Viktoriya” ilə yenidən elə eyni etapda qarşılaşcaq. Bəlkə də ilahi ədalətdir ki, Qurban Qurbanovun komandası 2016-2017-ci illər mövsümündəki məğlubiyyətin (əslində heç “Qarabağ” rəqibə uduzmamışdı, Çexiya klubu səfərdə vurduğu qol hesabına növbəti mərhələyə yüksəlmişdi) əvəzini çıxsın.

“Qarabağ” o “Qarabağ” deyil, “Qarabağ” artıq 6 il əvvəlki səhvləri buraxan komandaya oxşamır.

“Viktoriya Plzen”lə səfərdəki ilk oyunu yaxşı xatırlayıram, rəqib azlıqda qaldıqdan sonra Ağdam klubu təzyiqi artırıb çexləri öz qapısına sıxışdırsaydı, qol vuracaqdı. Amma həmin “Qarabağ” hesabı qoruyub saxlamağa üstünlük verdi. Bəlkə də cütün taleyini elə səfərdəki matçda həll etmək olardı. Bakıdakı görüşü isə yəqin ki, unutmamısınız. 1:0 öndə olan “Qarabağ” son dəqiqələrdə müdafiəni gücləndirir, amma əksinə 85-ci dəqiqədə qapısında qol görür. Görünür,  bunun səbəbi hələ yetərincə təcrübənin olmaması idi.

İndiki “Qarabağ” fərqli oynayır, sözün yaxşı mənasında vampir kimi rəqibin qanını içir, onun səhvlərini bağışlamır. Əlinə imkan düşdüsə, qollarını vurur. Macarıstan mətbuatı yazırdı ki, “Qarabağ” “Ferentsvaroş”la oyunun hər hissəsində pressinqlə rəqibi boğdu.  Hətta “Sürix”lə səfər görüşünün 90+5-ci dəqiqəsində qapısında qol görəndə də Qurbanovun komandası soyuqqanlılığını itirmədi. Bilirdilər ki, bu matçı qazanmaq olar. Bütün bunlar əlbəttə ki, illərin təcrübəsindən irəli gələn faktorlardır.

1990-2000-ci illərdə klublarımız üçün Avropada bir “səfər sindromu” var idi. Komanda meydana çıxmamışdan əvvəl artıq stadionun dəhlizində məğlubiyətlə barışırdı. “Qarabağ” bunu darmadağın etdi. Artıq Ağdam klubu üçün ev, səfər oyunları elə də ciddi fərq etmir. Azərbaycan çempionu bəzən ölkə xaricində Bakıdan daha yaxşı oyun nümayiş etdirir.

Bu günlərdə klubun prezidenti Tahir Gözəl demişdi ki, “bu, tarixin ən güclü “Qarabağ”ıdır. Bilmirəm, o, nə dərəcədə haqlıdır? Amma onu dəqiq bilirəm ki, bu “Qarabağ” tarixinin ən qorxmaz komandasıdır. Sabah Qurbanovun komandası kiməsə uduza bilər, ancaq biz “Qarabağ”ın müdafiədə oturub topu hara gəldi vurduğunu görməyəcəyik.

“Qarabağ” Çempionlar Liqasının (ÇL) bir addımlığındadır. ÇL təkcə ad, brend, marka baxımından böyük platforma deyil, həm də büdcəni zənginləşdirmək üçün yaxşı vasitədir. İlin-günün bu vaxtında 16 milyon avrodan kim imtina edər? Ölkənin adınının tanıdılması, hər dəfə TOP klubların meydanında “Qarabağ” adının çəkilməsi nəyə desən, dəyər. Diasporanın illər boyu böyük pullar alıb edə bilmədiyini futbol bir günün içində həll edir. Necə ki, gördük, o boyda Braziliya millisinin baş məşqçisi Azərbaycanın adını çəkdi. Təbii ki, yaxşı mənada yox. “Qarabağ” həm də bizi bax bu “ləkələrdən”, bu tənələrdən xilas edir.

Haydı, “Qarabağ”, yenidən ÇL-də qrup zamanıdır!

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər