featured-image-32438

“Runi Evaya çempionatın son oyunlarından öncə yeni müqavilə təklif etmişdik. Tələsmədiyini, düşünmək istədiyini və öz fikirlərinin olduğunu bildirmişdi”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

43 yaşlı mütəxəssis forvardın qərarını son anadək gözlədiklərini bildirib: “Demişdi ki, karyerasını başqa ölkədə davam etdirmək istəyir. Normal haldır. Runi bəlkə də bizdə karyerasının ən uğurlu dönəmini keçirdi. Həm oyun, həm də qol baxımından bir hücumçu üçün çox keyfiyyətli alındı. Burada komandamızın ona köməyi də rol oynadı. Sevinirik ki, belə bir futbolçu bizdə uğurlu çıxış etdi və ona təkliflər gəlir. İlk məqsədi başqa ölkəyə getmək idi. Bu səbəbdən də onunla pul söhbəti etmədik. Futbolçunun fikri başqa yerə getməkdisə, burada maliyyə ikinci plana keçir. Bizim üçün də önəmlidir ki, oyunçunun beynində psixoloji cəhətdən başqa fikirlər olmasın”.

Çalışdırıcı transferlərin davam etdiyini söyləyib: “İki hücumçu almışıq. Braziliyalı Paçu ilə də anlaşdıq. Martin Petkov və Oto Con sabahdan bizə qoşulacaq. Paçu isə yaxın günlərdə komandaya qatılacaq. Danışıq apardığımız futbolçular var. Həm müdafiə, həm də yarımmüdafiə xəttini daha da gücləndirmək istəyirik. Çalışacağıq ki, həmin futbolçuların keçidini tezliklə yekunlaşdıraraq”.

İndiyədək beş transfer etdiklərini xatırladan Abbasov bununla kifayətlənmək niyyətində olmadıqlarını söyləyib: “Hər şeyə hazır olduğumuzu desək, qeyri-peşəkarlıq olar. Əsl komanda formalaşdırmaq, hər mövqedə rəqabətin olmasını istəyirik. Mövsüm uzundur, zədəli, cəzalı, eniş dövrü yaşayan futbolçularımız olur. Belə vaxtlarda dəyişiklik edə bilmək üçün oyunçu sayı çox olmalıdır. Bu mövsüm bizim üçün önəmli olacaq. İnkişaf etmək istəyiriksə, bu yolları keçməliyik. İnanıram ki, komanda olaraq tam inkişaf edəcəyik”.

CAHİD

Bənzər xəbərlər