"Buna görə hər dəfə cəza verilməsi məntiqli deyil" - "Qəbələ"nin baş meneceri
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Qəbələ” – “Sabah” oyunda (0:2) meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün “qırmızı-qaralar”ı 4 min manat cərimə etdi. Azarkeşləri özündən çıxaran hadisə qonaqların ikinci qolundan sonra baş verib. Coy Lens Mikels qol sevincini “Qəbələ” azarkeşləri qarşısında təhrikedici formada qeyd etdikdən sonra mübahisə yaranıb. Maraqldıır ki, AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusuna xəbərdarlıq da etməyib.
“Qəbələ”nin baş meneceri Nail Kərimov Msport.az-a açıqlamasında cərimə olunmalarına belə münasibət bildirdi:
“Mikelsin cəzalandırılmaması haqqında bir şey deyə bilmərəm. Məsul qurum var, öz klubu var, onlar bilərlər. Bu məsələyə qarışa bilmərik.
Qaldı ki, “Qəbələ”nin 4 min manat cərimə edilməsinə, həqiqətən də Mikelsin qolu qeyd etməsindən sonra bizim azarkeşlər tərəfindən stadionda kütləvi şəkildə söyüş söyüldüyünü bilirik. PFL-in əsasnaməsində buna görə cərimə nəzərdə tutulub.
Lakin bu azarkeş qrupu klubun idarə etdiyi fan klub deyil. Müstəqil azarkeş qrupudur, klubdan heç bir asılacağı yoxdur. Onlara hansısa təsir imkanlarımız yoxdur. Bu qrup və ya heç bir ad altında birləşməyən bir dəstə insan da kütləvi söyüşlər istifadə edə bilərlər. Buna görə hər dəfə kluba cəza verilməsi məntiqli deyil.
Bizim üzərimizə düşən odur ki, həmin azarkeş qrupu ilə danışaq, proflaktik tədbirlər görək. Onsuz da bir neçə dəfə onlarla söhbətimiz olub. Klubun indiki vəziyyətində bu davranışlar bizim üçün zərbə olur. Xahiş edəcəyik ki, bundan sonra daha ehtiyatlı olsunlar.
Amma yenə də deyirəm bunu heç cür tənzimləmək mümkün deyil. Bilmirəm, xarici ölkələrin praktikasında necədir, lakin Avropanın əksər çılğın liqalarında söyüş daim eşidilir. Təbii ki, bu yaxşı hal deyil. Ancaq bu baş verirsə də, klub buna birbaşa müdaxilə edə bilmir. Klubun yalnız tövsiyyə vermək imkanı var”.