Cahangir Həsənzadə: “Əsas göstərici Şimali Makedoniya ilə oyun olacaq”
“Millinin oyununa baxdım. Ümumi desəm, yığmanın çıxışı xoşuma gəldi”.
Bunu Msport.az saytına açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə Azərbaycan millisinin səfərdə Moldovaya 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq oyunu barədə danışarkən deyib.
Veteran qapıçı bildirib ki, görüş kifayət qədər intensiv, sürətli keçdi: “Üstünlüyümüz göz qabağında idi. Rəqib demək olar ki, bunun qarşısında çox tab gətirə bilmədi. Nəticə etibarilə, birinci hissədə matçın taleyini həll etdik”.
O, son dəqiqələrdə buraxılan topun ürəkaçan olmadığını söyləyib: “Amma bu, futboldur. Böyük miqyasda oyunumuzdan, sırf Moldovaya qarşı matçımızdan kifayət qədər razıyıq”.
Həsənzadənin sözlərinə görə, göstərici kimi Şimali Makedoniya ilə matça baxmaq olar: “Bu görüş ümumi nəticəyə gəlməyə imkan verəcək”.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək Şimali Makedoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.