Çətin, amma keçiləsi rəqib - "Yanq Boyz"la oyun nə göstərdi?
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə çempionatının yeni mövsümünə biabırçı məğlubiyyətlə başladı. “Ağ-göylər” “Yanq Boyz” səfərində 4 cavabsız top buraxdı.
Msport.az Franko Fodanın komandasının məğlubiyyətinin səbəblərini araşdırmağa çalışıb. Hesab 0:0 olarkən qonaqların fərqlənmək üçün real imkanları olsa da, əllərinə düşən fürsətləri dəyərləndirə bilməyiblər. Oyunun qırılma nöqtəsi isə 55-ci dəqiqəyə təsadüf edib. Hakim VAR-a baxdıqdan sonra “Yanq Boyz”un qapısına penalti təyin edib. Antonio Markezano penalti nöqtəsindən topu qapının üstündən vurub.
62-ci dədiqədə isə “Sürix” qapısıında ilk qolu görüb. Dayaq yarımmüdafiəçisi Şeyx Konde rəqibin pressinqindən sonra adi vəziyyətdə topu itirib. Hücumun sonunda isə cərimə meydançasına ötürülən topu Kristian Fassnaxt başla qapıdan keçirib. Həmin epizodda da ispaniyalı cinah müdafiəçisi Querreyro mübarizəni uduzub.
“Yanq Boyz”un 1-ci qoluna əsasən demək olar ki, “Sürix” futbolçuları rəqibin güclü pressinqi qarşısında çaş-baş qalırlar və müdafiəçilər mövqe səhvinə yol verirlər.
77-ci dəqiqədə meydan sahibləri 2-ci qolu vurarkən bir anlıq “Qarabağ”ın oyunu adamın gözü önünə gəlir. “Yanq Boyz”un futbolçuları orta sahədə topu xeyli müddət bir-birlərinə ötürürlər. Və bir anlıq müdafiədəki “yırtıq”ı tapan kimi top İttenə ötürülür. O, fərdi ustalığını işə salıb rəqib qapısına yol tapır.
2-ci qolda da “Sürix”in heyətində Querreyro kobud səhvə yol verir. 24 yaşlı müdafiəçi öz zonasını bağlaya bilmir və İtten bundan məharətlə istifadə edir. Belə başa düşmək olar ki, Franko Foda Querreyronu çətin ki, Bakıda oynatsın.
81-ci dəqidədə “Yanq Boyz” hesabı 3:0 edərkən, yenə də “Sürix”in müdafiəçiləri rəqibə əla “hədiyyə” verirlər. Mərkəz müdafiəçisi Lindrit Kamberi hücumu başlayanda topu düz İttenə ötürür. Hücumun sonunda isə Fabien Rider başla topu qapıdan keçirib.
85-ci dəqiqədə Kanqa oyunda son nöqtəni qoyub. Bu epizodda da fransalı hücumçu iki mərkəz müdafiəçisi – Kamberi ilə Mirlind Kryeziunun anlaşmazlığından istifadə edib.
Bir sözlə, “Sürix” çətin, amma keçiləsi rəqibdir. “Yanq Boyz”la oyun göstərdi ki, mərkəz müdafiəçiləri bir-birlərini sığortalaya bilmirlər. Pressinq olan kimi müdafiəçilər çaş-baş qalır. Bundan başqa, “Sürix”in müdafiəçilərinin başla zəif oynaması da diqqəti cəlb edir. “Yanq Boyz” 4 qoldan ikisini məhz başla vurub.
ELNUR MƏMMƏDLİ







