Çexiyalı jurnalistin Bakıda gördükləri - "Neftin sayəsində burada pulla bağlı problem yoxdur"
“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Viktoriya Plzen”i qəbul edəcək. Çexiya təmsilçisi dünən Tofiq Bəhramov stadionunda son məşqə çıxdı, həmçinin Mixal Bilek mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Azərbaycan paytaxtına çexiyalı media nümayəndələri də gəlib. Onlardan biri Yonas Bartoş Bakıda ilk gündə gördüklərini blesk.cz saytı üçün qələmə alıb.
Msport.az həmin yazını təqdim edir:
“Təyyarədən düşən kimi əsab keçirirsən. Bakıda günorta istisindən qorunmaq üçün kondisionerli yerləri dəyişmək olmaz? Stadionda qaçmaq bir yana qalsın, heç adam gəzmək belə istəmir. “Viktoriya”nın futbolçuları öncədən bilirdilər ki, “Qarabağ”la oyun üçün Bakıya getmək onlar üçün cəhənnəmə bərabərdir. Mətbuat konfransından əvvəl Mixal Bileki gözləyən yerli jurnalistlər də günün altında qovrulurdular.
Bura “Viktoriya Plzen”in avrokuboklarda oynadığı ən uzaq yerdir. Yəni Avropa… Xəzər Dənizi sahilində 2 milyondan çox əhalisi olan meqapolis Bakı coğrafi baxımdan Asiyaya aiddir. Bakını Praqadan birbaşa 3 min km məsafə ayırır, və ya təyyarə ilə təxminən 4 saatlıq uçuş. İqlim kifayət qədər tropikdir, yaxınlıqda təpələri və quraq səhra düzənliklərini tapa bilərsiniz. Bununla belə, “Qarabağ”a UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyə icazə verilir və Azərbaycan çempionu tarixində ikinci dəfə Çempionlar Liqasının qrupunda oynamaq üçün alışıb-yanır.
“Qarabağ” rəqibimiz olanda bilirdik ki, bizi burda gərgin atmosfer gözləyir, isti olacaq. Bu, bizi təəccübləndirmir, bura elə bunu bilib gəlmişik. Hesab edirəm ki, oyuna yaxşı hazırlaşmışıq” – “Viktoriya”nın baş məşqçisi Mixal Bilek mətbuat konfransında belə deyib.
Aeroportdan çıxan kimi artıq Avropa standartlarından uzaq olduğunuzu hiss edə bilərsiniz. Şərqin dəbdəbəli port meqapolisi olan Bakı “kiçik Dubaydır”. Neftin sayəsində burada pulla bağlı problem yoxdur. Bakıda Formula-1″ Azərbaycan mərhələsi keçirilir, möhtəşəm Olimpiya Stadionu isə Avropa çempionatının oyunlarını qəbul edib. Ev oyunlarını paytaxtdakı 30 minlik Tofiq Bəhramov stadionunda keçirən “Qarabağ” klubu isə tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyir. Dörd illik fasilədən sonra yenidən ÇL-in qrupuna vəsiqə qazanmaq niyyətində olan “Plzen” meydan sahiblərinə mane ola bilər.
Matçın ətrafındakı ab-hava “Viktoriya”nın gəldiyi mərhələyə uyğundur. Helsinki və Kişinyovda keçirilən əvvəlki mərhələnin oyunlarından əvvəl “Plzen”in mətbuat konfransına yalnız çexiyalı jurnalistlər gəlmişdisə, Bakıda zalda demək olar ki, yer yox idi. Yerli jurnalistlər Yan Kopiç və Mixal Bilekə maraqlı suallar verdilər. Çex dilinə tərcümədə böyük problemlər yaşayan tərcüməçi xeyli tər tökməli oldu.
“Qarabağ”ın çoxlu çılğın azarkeşləri var, ab-hava möhtəşəm olacaq. Bu, Çempionlar Liqasını xatırladır. Biz məqsədimizin bir addımlığındayıq, amma bu, ən çətin addım olacaq” – Yan Kopiç belə deyib. O, 2016-2017-ci illər mövsümündə “Qarabağ”la ÇL-in III təsnifat mərhələsinin hesabı bərabərləşdirdiyi uğurlu oyununu xatırlayıb. Mixail Kremençik isə komandanın növbəti mərhələyə yüksəlməsi üçün çox vacib qolu vurmuşdu.
“Oyundan sonra bütün komandanın sevincini xatırlayıram. Bu, bizə asan başa gəlməsə də, xoşbəxt irəliləyiş idi” – təcrübəli vinger belə deyib. O, da yerli jurnalistlərin əlavə sualları ilə üz-üzə qalmalı oldu: “Qarabağ” indi də 6 il əvvəlki kimi oynayır. Biz onların ön xətt oyunçularının çox irəli gəlməsinə imkan verməməliyik. Həm də hücumda təhlükəli olmalıyıq. Yalnız müdafiədə oturmamalıyıq, onların qapısı qarşısında təhlükə yaratmağa çalışmalıyıq”.
Bilek oyun planlarını sirr saxlamağa üstünlük verdi. İki hücumçu olacaq, ya üç müdafiəçi? “Plzen”in baş məşqçisi özünü buz kimi soyuqqanlı apardı ki, jurnalistlərin önündə hər hansı məlumatları açıqlamasın:
“Biz artıq necə oynayacağımızı bilirik. Ancaq bunu hələlik özümüzdə saxlayaq. Cemelkanı stopper kimi gətirmişik və ona daha çox bu mövqenin oyunçusu kimi baxırıq. 3 və ya 4 müdafiəçi ilə oynayacağımız vacib deyil”.
Tofiq Bəhramov stadionunda oyun yerli vaxtla saat 20:45-də başlayacaq. Matçdan bir gün əvvəl təxminən axşam saat 8-də “Viktoriya”nın futbolçuları 30 minlik stadionun ab-havasını yaşadılar. Günorta istisi ilə müqayisədə, artıq daha rahat nəfəs almaq olurdu. Ancaq burada oynamağın heç də asan olmayacağını güman etmək mümkündür.
Ənənəvi iki tərəfli oyunda Çexiya klubunun futbolçuları “diri” görünürdülər. Komanda zədəli Radim Rjezniki çıxmaq şərti ilə demək olar ki, tam heyətlə məşq edirdi. “Ferentsvaroş”un heyətində ÇL-də oynamış hücumçu Forçun Bessi Bakıya gətirilməyib və Plzendə qalaraq evində fitneslə məşğul olur. Digər futbolçular sağlamdırlar və xoşagəlməz rəqibin ölkəsindən yaxşı nəticə ilə dönmək əzmindədirlər.
Çempionlar Liqasının qrupu həm də əla bonus deməkdir. “Plzen” qrupa düşsə 400 milyon kron (təxminən 16 milyon 300 min avro) qazanacaq.
TƏRCÜMƏ AYXAN