featured-image-77422

“Zirə” Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə “Turan Tovuz”la bərabərə qalıb – 1:1.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov oyunu dəyərləndirib:

-Oyuna yaxşı başladıq. Eren Aydın matçın əvvəlində fərqlənə bilərdi, lakin şansını dəyərləndirmədi. Sonra qol vurduq, oyundan kənar vəziyyət qeydə alındı. Bundan sonra rəqib üstünlüyü ələ aldı və standart vəziyyətdən hesabı açdılar. İkinci hissədə də yaxşı oynadıq. Sürəti artırdıq, hücumda daha aktiv idik. Hesabı bərabərləşdirdik. Daha bir qol da vura bilərdik. Heç-heçə Tovuzda pis nəticə deyil. Hərçənd qalib gəlmək istəyirdik, nəticəyə görə bir az məyus da olduq.

-Avrokuboklara Premyer Liqa və ya kubokdan vəsiqə qazana bilərsiniz. Ancaq bu şansı əldən də verə bilərsiniz. Vəziyyəti necə qiymətləndirirsiniz? 

-Biz hər şeyi başa düşürük. Çempionatda “Neftçi”, “Araz-Naxçıvan”la gərrgin mübarizə gedir, “Sumqayıt”ı da hesabdan silmək olmaz. Son iki komanda ilə hələ oyunlarımız qalır. Çox istəyirik ki, mövsümü 4-cü yerdə başa vuraq. Görək necə olacaq. Kubokun finalında bizi “Sabah” kimi rəqib gözləyir. Hələ mövsümün əvvəlində bilirdik ki. avrokuboklara yüksəlmək çətin olacaq. Çox istərdik ki, avrokuboklara vəsiqə qazanaq.

-Böyük futbola yolunu açdığınız Elvin Cəfərquliyevlə bağlı vəziyyəti necə qiymətləndirirsiz?

-Əlbəttə ki, bu hal məni də məyus edir. O, Azərbaycan millisinin və “Qarabağ”ın liderlərindən biridir. Elvin azsaylı yerli futbolçulardandır ki. beynəlxalq arenada yaxşı oyun nümayiş etdirir. Mən dəqiq bilmirəm nə baş verib. Çünki klub bununla bağlı açıqlama verməyib. Bir şeyi bilirəm ki, Qurban Qurbanov yerli futbolçu ilə bağlı belə qərar verirsə, demək, ciddi səbəb var. Ümid edirəm ki, vəziyyət düzələcək.

Onu “Zirə” görmək istəyərsiz?

– Hər məşqçi komandasında Elvin kimi futbolçunu görmək istəyər.

– Kubokun finalını nəzərə alıb “Qəbələ” və “İmişli” ilə oyunlarda rotasiyalar edəcəksiz?

– Bir çox oyunda rotasiyalar etmişik. Qarşıdakı matçlarda da futbolçuların durumuna görə plan quracağıq. Çalışacağıq ki, həm çempionat oyunlarında, həm də finalda ideal vəziyyətdə olaq.

– Giorgi Papunaşvili son vaxtlar az oynayır. Bunun səbəbi nədir?

– Bizdə son dönəmlərdə sistem dəyişikliyi oldu. Son vaxtlar 5-4-1 sistemi ilə çıxış edirik. Sırf sistemlə bağlı məsələdir. Bu gün iki dəqiqə də qol vura bilməsəydik, Papunaşvilini oyuna buraxacaqdım.

-Müqaviləsi bitən futbolçularla danışıq aparırsınız?

– Avrokuboklara gedib-getməmək istənilən klubun siyasətinə təsir edir. Həmişə mövsümün sonunu gözləmişik. İndi də səbrli davranırıq. Bəzi oyunçularıa ilkin danışıqlar aparmışıq. Avrokuboklara vəsiqəni təmin etsək, danışıqlar daha rahat olacaq.

– Abbas Hüseynovun adı “Zirə” ilə hallanır. Bu nə dərəcədə realdır?

– Xeyr, bizim gündəmimizdə deyil. Bizdə həmin mövqedə Qismət Alıyev çıxış edir. Bəlkə gələcəkdə ola bilər. Amma bu gün belə söhbət yoxdur.

Bənzər xəbərlər