Cüdo millilərimizdə yeni təyinatlar
Azərbaycan Cüdo Federasiyası (ACF) yeni Olimpiya dövrü ərəfəsində milli komandaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər barədə qərar qəbul edib.
Msport.az ACF-nin rəsmi saytına istinadən xəbər verir ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman yığmaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin olunub. O, eyni zamanda kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək.
Elxan Məmmədov kişilərdən ibarət milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət seçmənin baş məşqçisi kimi çalışıb.
Həmçinin indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət milli komandanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik fəaliyyəti göstərən R.Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət yığmaya rəhbərlik edən Rüstəm Alimliyə həvalə olunub.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi isə bunadək həmin kollektivdə məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu yığmalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məşhur “Tokai” Universitetinin məzunu olan K.Sasaki 2016-cı ildən etibarən ölkəsində və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət milli millinin köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K.Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Onun yerinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan A.Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
Almaniyalı Saşa Herkenrat-Vimar qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik fəaliyyəti ilə məşğul olan mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatlarını şərh edərkən bildirib ki, bu dəyişikliklər qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atılan mühüm addımdır: “Cəlb edilən yeni xarici mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda, yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfəsini verəcək”.