Cüdo millimiz Belçikada ikinci oldu
Cüdo üzrə Vise şəhərində keçirilən Belçika açıq turnirinə yekun vurulub.
Msport.az xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycan millisi daha 2 medal qazanıb.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Elşən Əsədov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 81 kq çəkidə mübarizə aparan Məhərrəm İmamverdiyev isə 3-cü yeri tutub.
Beləliklə, millimiz yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Bu göstərici ilə cüdoçularımız medal əyarına görə Almaniya, İtaliya və Belçikanı geridə qoyaraq, Fransadan sonra 2-ci yeri tutublar.
Qeyd edək ki, turnirin ilk günündə Murad Muradlı (60 kq) qızıl, İmran Yusifov (+100 kq), Qadir Hüseynov gümüş, İbrahim Əliyev (hər ikisi 73 kq) isə bürünc medal qazanıb.