Dağ başına qaldırılan Çerçesov və ya Qurbanov həm də Rusiya mediasına qarşı!
Son günlər Rusiyanın hansı idman saytını açırsan, “Ferentsvaroş”dan danışırlar. Həmkarlarımız 17-dən 77-yə nə qədər ekspert var tapıb çıxarırlar ki, Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesovun ünvanına bəy tərifi desin. Əslində başa düşüləndir, FİFA və UEFA-nın sanksiyalarından sonra rusların ətəyindən əli üzülüb. Avrokuboklarda oynayan klubu yox, milli komanda heç bir yarışa buraxılmır, çempionatdan da legionerlər qaçırlar. Belə vəziyyətdə yada Macarıstanda işləyən Çerçesov, “Monako”da oynayan Qolovin, “Atalanta”da çıxış edən Anatoli Mirançuk yada düşür.
Düzdür, bu, rusların öz işidir, kimi istəyərlər, yadlarına salarlar. Amma bəzi açıqlamalarda Çerçesov və “Ferentsvaroş”u dağlara qaldırmaq, “Qarabağ”ı isə zəif komanda kimi təqdim etmək cəhdləri ilə rastlaşırıq. Halbuki 2021-2022 mövsümündə Rusiya klublarının avrokuboklardakı nəticələrinə baxanda heç də yaxşı nəticə ortaya çıxmır. Məsələn, “Rubin” Konfrans Liqasının III təsnifat mərhələsindən mübarizəyə başlamış və Polşanın ortabab klublarından “Rakuv”u keçə bilməmişdi. Halbuki “Qarabağ” Polşanın çempionuna 5 qol vurdu.
“Soçi” II təsnifat mərhələsində “Keşlə”ni mübarizədən kənarlaşdırsa da, növbəti etapda “Partizan”a uduzdu. “Spartak”ı Avropa Liqasının 1\8 finalında “Leyptsiq” hər iki oyunda böyükhesabla məğlub etdi – 0:3, 0:3. Yəni bu idi Rusiya klub futbolunun real gücü.
Bir sözlə, Qurban Qurbanovun komandası təkcə “Ferentsvaroş”a qarşı döyüşməyəcək. Eyni zamanda Rusiya mətbuatına, rusiyalı veteranlara, Çerçesovsevərlərə qarşı da mübarizə aparmalı olacaq. Odur ki, “Qarabağ”ın üzərinə ikiqat məsuliyyət düşəcək.
Haydı “Qarabağ”, susudur, bunları!