"Daha yaxşı olan komanda növbəti mərhələyə yüksəldi" - "Ferentsvaroş"un qapıçısı
“Feretvaroş”un qapıçısı Denes Dibuş “Qarabağ”la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan (1:3) danışıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o, məyus olduğunu bildirib:
“Artıq heç nəyi dəyişə bilmərik. Siz hirsli və əsəbisiniz, amma təəssüf ki, oyun geridə qaldı. Özümü təxminən 3 il əvvəl Zaqreb “Dinamo”su ilə 1:1 etdikdən sonra 4 buraxdığımız oyundakı kimi hiss edirəm. Ya da Avropa Liqasında evdə “Ludoqorets”ə 0:3 hesabı ilə uduzduğumuz matçdakı kimi.
Birinci hissədə qol imkanlarımız oldu, ancaq dəyərləndirə bilmədik. Halbuki hesabı bərabərləşdirmək vacib idi. Onda oyun tam başqa cür cərəyan edərdi. Hər iki hissəyə biz çox bərbad başladıq. Sürət, dinamika, aqressivlik, meydanda düşünmə, bir sözlə bütün komponentlərdə “Qarabağ” bizi qabaqlayırdı. Bunu etiraf etmək lazımdır. İki oyunun nəticəsinə görə daha yaxşı komanda növbəti mərhələyə yüksəldi. Bu oyun göstərdi ki, Çempionlar Liqasının qrupunda oynamağa hazır deyilik.
Bu qədər gərəksiz səhvləri görmək xoş deyildi. Mən özümü çətinliklə ələ alırdım. Biz çox səhv qərarlar verirdik. Topu ələ keçirmək bizim üçün çox çətin idi. Topu yarımmüdafiə və ya hücum xəttinə göndərmək istəyəndə rəqib futbolçular orda daha yaxşı oynayırdılar. Bundan başqa, onlar təhlükəli hücumlarını adətən uzun ötürmələrdən sonra təşkil edirilər. Biz bunu bilsək də, qarşısını ala bilmirdik.
Biz özümüzü düzgün qiymətləndirmirik. “Qarabağ” isə yaxşıı oynadı, hücumlara yaxşı çıxırdılar. İndividual oyunda da çox effektli idilər. Düşünürəm ki, onlar daha yaxşı idilər. Rəqibin futbolçularının ustalıq səviyyəsini müəyyənləşdirmək çətindir. Səfər görüşündə oynamaq üçün şərtlər ağır idi. Onlar burdakı kimi oynamırdılar. Onlar daha yüksək səviyyədə çıxış edə bilirdilər, biz yox. Bütün həftəni bu qarşılaşmaya hazırlaşmışdıq, lakin hər şey biz deyən kimi olmadı. Topa nəzarətimiz pis idi, ötürmə verməkdə çətinlik çəkirdik. Ona görə də evdə qol vəziyyətlərimiz çox olmadı. Biz fiziki cəhətdən üstün idik, bundan yararlmaq gərəkirdi. Ancaq bu gün alınmadı”.