featured-image-17022

Qətərdə keçiriləcək dünya çempionatı zamanı Avropanın əksər liqalarında fasilə yaransa da, Azərbaycanda mübarizə davam edəcək. Bizim çempionatdan mundiala bir futbolçu belə yollanmayacağından PFL-in qərarını başa düşmək olar. Milli komandamızın nə vaxtsa dünya çempionatına vəsiqə qazanacağı hələ ki bizə xəyal kimi görünür. Türkiyənin də Qətərdə olmaması azərbaycanlı azarkeşlərin seçim imkanını çətinləşdirir.

Msport.az vaxtilə yığmamızla matçlarda fərqlənmiş, diqqət mərkəzinə düşən indi isə Qətərdə parlamağa çalışacaq futbolçuları yada salır.

Portuqaliya 

Portuqaliya həmişəki kimi mundialda daha çox diqqət mərkəzinə düşəcək komandalardan olacaq. Bu, böyük ehtimalla Kriştiano Ronaldonun son dünya çempionatı olacaq. Digər tərəfdən ulduz futbolçunun “Mançester Yunayted” haqqındakı qalmaqallı müsahibədən sonra karyerası maraq doğurur. Ronaldo mundialdan sonra hara gedəcək? Bizim üçün isə Portuqaliya xüsusi ilə fərqlənən komandalardan biridir. Millimizin tarixində 0:7 hesablı məğlubiyyət də olub, Bakıdakı qürurla xatırladığımız 1-1-lik heç-heçə də. Portuqaliya seçmə mərhələlərdə ən çox qarşılaşdığımız rəqiblərdəndir. Bəs yığmamızın qapısına yol tapan futbolçulardan kimlər mundialda olacaq?

media-R-1308949212

Kriştiano Ronaldo – 37 yaşlı futbolçu hələ 2006-cı ildə dünya çempionatının seçmə mərhələsində Portuda keçirilən oyunda miliimizin qapısına 2 qol vurmuşdu. Həmin oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Bernardu Silva – “Mançester Siti”nin oyunçusu da millimizlə görüşdə fərqlənib. Ötən il Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsinin qarşılaşmasında qonaqlar 3:0 hesabı ilə qalib gəldilər. Fernandu Santuşun komandası sonda qrupda 1-ci yeri Serbiyaya təhvil versə də, pley-offdan Qətərə vəsiqə qazana bildi.

Andre Silva – 0:3 uduzduğumuz qarşılaşmada Bakıda qol vuran futbolçulardan biri də Andre Silva idi. Baş məşqçi “Leyptsiq”in 27 yaşlı hücumçusunu heyətə daxil edib. Silvanın “Milan” və “Ayntraxt”da karyerası istənilən kimi alınmadı. Görək, o, özünü dünya çempionatında necə göstərəcək?

Belçika 

Yan Vertongen – 35 yaşlı müdafiəçi hələ 2011-ci ildə Brüsseldə keçirilən matçda Kamran Ağayevin qapısına yol tapmışdı. Belçikanın 4:1 qələbə qazandığı görüşdə digər qolları vuran futbolçular artıq karyeralarını başa vurublar. Millimizin heyətində isə həmin görüşdə Ruslan Abışov hazırda “Brügge”də uğurla çıxış edən Simon Minyoleni məyus etmişdi.

Xorvatiya 

media-0000029564_685_375_cut

Marselo Brozoviç – Xorvatiya 2014-cü ildə Osiekdə millimizi 6:0 hesabı ilə darmadağın etmişdi. Oyunda fərqlənənlərdən biri də “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç idi. 29 yaşlı futbolçu yəqin ki, Qətərdə də yığmanın aparıcı üzvlərindən olacaq.

İvan Perişiç – “Tottenhem”in vingeri 6:0 hesabı qeydə alınan matçda dubl etmişdi. Perişiç Xorvatiya seçməsində ən çox oyun keçirən futbolçulardan biridir.

Andrey Kramariç – 31 yaşlı hücumçu Kamran Ağayevi iki fərqli oyunda məyus edib. “Hoffenhaym”ın forvardı həm 2014, həm də 2019-cu illərdəki görüşlərdə Azərbaycan yığmasının qapısına yol tapıb.

media-0000029557

Luka Modriç  – Xorvatiya millisinin əfsanələrindən olan Modriç komandamıza həm Osiekdə qol vurub, həm də Bakıda “Bakcell Arena”da. Lakin 2019-cu ildə keçirilən oyunda Modriçin penaltidən vurduğu qol Xorvatiyaya qələbə qazandırmamışdı. Çünki hazırda yığmaya çağrılmayan Təmkin Xəlilzadə Dominik Livakoviçin qapısına Messisayağı qol vurmuşdu. Yeri gəlmişkən, Livakoviçi də mundialda izləyə biləcəyik.

Borna Barışiç – “Reyncers”in müdafiəçisi 2019-cu ildə “Maksimir”də keçirilən matçda yığmamızın qapısına yol tapıb. Halbuki həmin oyunda Ramil Şeydayev komandamızı hesabda önə keçirsə də, sonradan 2 qol buraxmışdıq. Digər qolun müəllifi isə Kramariç olmuşdu.

Qətər 

Əli Əsəd – Mundialın təşkilatçısı Qətərə qarşı da millimizin bir neçə oyunu olub. 2017-ci ildə Dohada keçirilən yoxlama görüşündə komandamız 2:1 hesabı ilə qalib gəlmişdi. Meydan sahiblərinin yeganə qolunun müəllifi Əli Əsədi mundialda görə biləcəyik. Bizim komandada isə fərqlənmiş iki futbolçudan heç biri – Tərlan Quliyev və Araz Abdullayev yığmaya dəvət almır. Tərlanla Arazın qoluna mane ola bilməyən qapıçı Saad əl-Şib isə dünya çempionatında forma geyinəcək. 

Hassan əl-Haydos – 31 yaşlı hücumçu Əl-Haydos da Qətər yığmasının heyətindədir. O, 2021-ci ildə Debretsendə keçirilən və Qətərin 2:1 hesabı ilə qələbə qazandığı matçda dubl etmişdi. Komandamızın yeganə qolunu isə Şeydayev vurmuşdu.

media-المعز

Əli Almoez – Qətər 2021-ci ildə Millətlər Liqasında bizim qrupda müsabiqədən kənar formada çıxış edirdi. Yığmamız Qətər üzərində Bakıdakı qarşılaşmada da qələbə qazana bilmədi. 2:2 hesabı ilə heç-heçə nəticələnən görüşdə qonaqların heyətində Əli Almoez dubl etdi. “Əl Duhail” klubunun futbolçusu dünya çempionatında olacaq. Bakıdakı matçda Emin Mahmudov da 2 qol vurmuşdu.

Almaniya 

media-gettyimages-997051472-2048x2048

Tomas Müller – Mərhum Bökükağa Hacıyev sağ olsaydı, yəqin ki, yenə də Almaniyanı favorit göstərərdi. Bundestim 2017-ci ildə Bakıda 4:1 hesabı ilə qələbə qazandı. Həmin oyunda qonaqların heyətində fərqlənən futbolçulardan yalnız Tomas Müller millidə qalıb.

Leon Qoretska – 2017-ci ildə Almaniyadakı matçda isə Yoahim Lövün komandası 5:1 hesabı ilə qalibiyyət əldə etdi. Fərqlənənlər arasında olan Qoretskanı dünya çempionatında görmək imkanımız olacaq.

Antonio Rüdiqer– Hazırda “Real”ın şərəfini qoruyan müdafiəçi 2017-ci ildəki matçda 5 qoldan birinin müəllifi oldu.

Uels 

media-1_JS191873688

Qaret Beyl – Uels millisinin əsas ulduzu şübhəsiz ki, Beyldir. 33 yaşlı futbolçu MLS-də yaxşı mövsüm keçirir. Onsuz da Beyl “Real”da ehtiyatda qalan vaxtlarında da  yığmada böyük həvəslə oynayırdı. Beyl Azərbaycan seçməsinin qapısına 2019-cu ildə Kardiffdə keçirilən oyunda (2:1) yol tapıb.

Ueyn Xennessi – 35 yaşlı qolkiper millinin liderlərindən sayılır. Dünya çempionatında çərçivəni qorumaq yəqin ki, “Nottinqem Forest”in qapıçısına tapşırılacaq. Xensessi  2019-da Kardiffdə Mahir Emrelinin zərbəsinin qarşısını ala bilməmişdi.

Kiffer Mur – Mur isə Bakıda Uelsin 2:0 hesabı ilə qələbə qazandığı oyunda qollardan birini vurmuşdu. O, bu ilin əvvəlində İngiltərə Premyer Liqasına – “Bornmut”un heyətinə yollandı.

 

Serbiya 

Aleksandr Mitroviç – “Fulhem”in hücumçusu Bakıda keçirilən görüşdə dubl edərək Serbiyaya qələbə qazandırdı – 2:1. Ucaboy, taran tipli forvardın qarşısını almaq müdafiəçilər üçün həmişə problemə çevrilir. Mitroviç Qətərdə də Serbiyanın əsas qol ümidlərindən olacaq.

media-rqxokxqxo0kbqdyp606389ab12a67

Predraq Raykoviç – Emin Mahmudov “Malyorka”nın qapıçısını yaxşı tanıyır. Millimizin yarımmüdafiəçisi 27 yaşlı qolkiperin qapısına həm Bakıda, həm də Belqradda yol tapıb. Raykoviç bu il “Reyms”dən “Malyorka”ya transfer olundu. Yəqin ki, o, mundialda yığmanın əsas qapıçısı kimi çərçivəni qoruyacaq.

Duşan Vlahoviç – “Fiorentina”dan “Yuventus”a 70 milyon avroya transfer olunmuş hücumçu Serbiya yığmasının əsas ulduzlarından biridir. Vlahoviç 22 yaşında İtaliya A seriyasında fantastik nəticələr verir. Forvard Serbiyanın öz meydanında millimizi 3:1 hesabı ilə məğlub etdiyi matçda dubl etmişdi. Braziliya, İsveçrə və Kamerunla birgə “ölüm qrupu”na düşən serblərin pley-offa yüksəlməsi çox çətin olacaq. Görək, Mitroviç, Vlahoviç kimi hücumçular bu oyunlarda parlaya biləcəklərmi?

  AYXAN 

 

Bənzər xəbərlər