DÇ-2026: Baş məşqçiyə görə millidən imtina etdi
Seneqal futbol millisinin DÇ-2026-da mübarizəni dramatik şəkildə dayandırmasından sonra komandada narazılıq yaranıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Pap Geye sosial şəbəkə hesabında milli komandadan ayrıldığını açıqlayıb.
O, Belçikaya 2:3 hesablı məğlubiyyətdən sonra paylaşım edərək hazırkı məşqçilər korpusu ilə yığmada çıxış etməyəcəyini bildirib: “Vidaya görə sizə bir neçə söz demək üçün qayıdacağam… Amma bu gün elan edirəm ki, bu məşqçilər korpusu iş başında olduğu müddətdə milli komandada oynamayacağam”.
Qeyd edək ki, Seneqal 1/16 finalda Belçikaya qarşı oyunda 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Belçika 86-cı və 89-cu dəqiqələrdə hesabı bərabərləşdirib, əlavə vaxtda isə Yuri Tilemansın penaltisi ilə qələbə qazanıb.
Seneqal millisinə Pap Tyav rəhbərlik edir. Onun komandası daha əvvəl Afrika Kuboku-2026-da da qalmaqallı finaldan sonra qızıl medaldan məhrum edilmişdi.







