featured-image-5461

Azərbaycan millisi Millətlər Liqasının cari mövsümündə dünən 2-ci məğlubiyyətlə üzləşdi. Yığmamız “Dalğa Arena”da Slovakiyaya 0:1 hesabı ilə uduzdu. Belarusun gecə saatlarında Qazaxıstanla heç-heçə (1:1) etməsindən sonra aydın oldu ki, qrupun aşkar autsayderi 1 xalla Azərbaycan seçməsidir.

Slovakiya ilə qarşılaşmadan sonra Cani de Byazinin mətbuat konfransında nələr deyəcəyi maraq doğururdu. İtaliyalı mütəxəssis bu dəfə də yadda qalacaq açıqlamalar verdi.

Msport.az onun sitatlarının bəzilərini təqdim edir və faktlarla cavab verir.

De Byazi: “Evdəki matçların əksəriyyəti güclü komandalara qarşı olub. Bizdən çox güclü komandalarla oynamışıq”. 

Millimizin italiyalı məşqçinin dövründə Bakıda keçirdiyi bəzi oyunları xatırladaq.

14.11.2021.  Azəbaycan – Qətər 2:2

11.11.2021 – Azərbaycan – Lüksemburq 1-3

09.10.2021 – Azərbaycan – İrlandiya 0-3

05.09.2020 – Azərbaycan – Lüksemburq 1-2

Bu matçların hamısı Bakıda olub. Hər halda gəlin etiraf edək ki, Qətər, yaxud Lüksemburq bizdən çox güclü komanda deyil. Lap de Byazi onları güclü sayırsa, o zaman biz Avropada kimə zəif deyək? Kiminlə bir qrupa düşməyimizi arzulayaq?

De Byazi:Futbolçular ən yaxşı fiziki formada deyillər”. 

Bu fikirlə bəlkə də razılaşmaq olardı. Amma millimizin baş məşqçisi Bakıda da Belarusa qarşı səfərdəki matçdakı heyətə şans verərək hamımızı təəccübləndirdi. Nəzərə almaq lazımdır ki, bu heyət 3 gün əvvəl Serbiyada Belarusa qarşı çətin oyun keçirib və daha sonra gecə ilə Bakıya uçublar. Yorğunluğun olması təbiidir. Ən yaxşı fiziki formada olmayan futbolçuların bir qismini əvəz etmək, heyətdə rotasiyaya getmək daha yaxşı olmazdımı?

De Byazi: “İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır”. 

Belarusla oyunda ümumilikdə, 7 zərbə vurmuşuq ki, bunlardan da yalnız dördü çərçivəyə gedib. Üç zərbə isə rəqib tərəfindən blok olunub, yəni top gedib heç qapıya çatmayıb. Maraq üçün deyək ki, Belarusun bizim çərçivəyə 6 zərbəsi olub.

Qazaxıstanla qarşılaşmada 14 zərbə endirmişik ki, bunlardan yeddisi çərçivəyə gedib. Bir zərbə isə blok olunub. Sözümün canı odur ki, millimizin baş məşqçisi blok olunan zərbələri də əlində bayraq kimi istifadə edir.

De Byazi:Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil”. 

İtaliyalı məşqçi bunu Azərbaycana gələrkən də çox yaxşı bilirdi. Amma indi Azərbaycan çempionatının səviyyəsini qabartmaq məncə, etik baxımdan da doğru deyil. Axı təklifi qəbul edib müqaviləyə qol çəkəndə hansı ölkəyə getdiyini, oranın futbolçularının ustalıq səviyyəsini araşdırırlar. İndi bunu dilə gətirmək bəhanədən başqa bir şey deyil. Yeri gəlmişkən, elə Azərbaycan çempionatında çıxış edən “Qarabağ” 8 ildir ardıcıl avrokubokların qrupunda oynayır və ötən il Konfrans Liqasında pley-offa yüksəldi.

De Byazi: “Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir.”

Burda bir anlaşmazlıq yaranır.  Yığmamızın çalışdırıcısı artıq neçənci dəfədir deyir ki, bizim qarşımıza qrupda 1-ci yeri tutmaq məqsədi qoyulmamışdı. Biz 2-ci yer üçün oynayırıq. Lakin AFFA-nın baş katibi Sərxan Hacıyev iki dəfə öz müsahibələrində bildirib ki, hədəf qrup qalibi olmaqdır. Müsahibələrdən biri “Alanyaspor” futbol məktəbinin açılışında iştirak edərkən olub, digəri isə Şamaxıda jurnalistlərlə görüşdə.

Sitat: “Çünki əsas diqqət Millətlər Liqası ilə bağlıdır. Mütləq qrupda birinci yeri tutmalıyıq. Baş məşqçimiz Canni de Byazidir və qarşıya qoyulan məqsəd də qrup qalibi olmaqdı”. 

Sitat-2: “Millinin qarşısına qoyulan vəzifə ancaq qələbə və qrup lideri olmaqdır. İnşallah bu hədəfimizə çatarıq”.

Bu da həmin müsahibənin linki – https://msport.az/serxan-haciyev-bir-milyon-tapsalar-affa-da-bir-o-qeder-verecek. 

ELNUR MƏMMƏDLİ

 

Bənzər xəbərlər