featured-image-16927

Milli komandamızın baş məşqçisi Cani de Byazi Moldova və Şimali Makedoniya yığmaları ilə yoxlama oyunlarına dəvət etdiyi heyəti açıqladı. Azərbaycan seçməsi noyabrın 16-da Kişinyovda Moldova, 20-də isə Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq. İtaliyalı mütəxəssis qarşıdakı matçlara 27 futbolçunu çağırıb.

İlk dəfə olaraq “Sabah”ın 21 yaşlı yarımmüdafiəçisi Ceyhun Nuriyev və “Qəbələ”nin vingeri Rövlan Muradov da yığmaya dəvət olunub.

Heyətə diqqət yetirəndə əsas nəzərə çarpan məqam Qara Qarayevlə Maksim Medvedevin yoxluğudur. Zədədən yeni sağalan və son 3 oyunda meydana çıxmayan Medvedev yəqin ki, tam hazır olmadığı üçün çağırılmayıb.

Qara ilə bağlı vəziyyət isə fərqlidir. “Qarabağ”ın futbolçusunun son hadisələrdən sonra kənarda qalacağı gözlənilən idi. Hər kəs bilir ki, 30 yaşlı futbolçu ilə De Byazinin münasibətləri qaydasında deyil. Hətta Qara televiziyaya çıxaraq ictimaiyyət önündə bu məsələlər barədə ətraflı danışıb. Bu səbəbdən dayaq yarımmüdafiəçisinin adını siyahıda görmədikdə təəccüblənmədik.

Milliyə dəvət edilməyən oyunçulardan biri də “Zirə”nin üzvü Rəhim Sadıxovdur. Halbuki yarımmüdafiəçi son vaxtlar yaxşı formadadır. O, “Səbail”lə Azərbaycan Premyer Liqasının 14-cü turunun oyununda komandasına qələbə gətirən yeganə qolun müəllifi oldu. Daim start heyətində meydana çıxan futbolçu bu mövsüm 14 görüşdə 4 qol vurub. Sadıxov ötən çempionat “Sumqayıt”da çıxış edərkən 24 matçda 5 dəfə fərqlənmişdi. Bu mövsüm isə o, 4 qolu 14 oyuna vurub. Bir sözlə, 26 yaşlı futbolçu indi daha yaxşı formadadır.

Bir dəfə De Byazi Rəhimin oyun tərzinin onun futbol fəlsəfəsinə uyğun olmadığını demişdi. Görünür, “Zirə”nin yarımüdafiəçisinin yığmaya çağırılmamasının səbəbi budur.

Bənzər xəbərlər