featured-image-17626

“Dünya çempionatı maraqlı keçir. Bütün oyunları izləməyə çalışıram”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Əfran İsmayılov Qətərdə keçirilən dünya çempionatı barədə danışarkən deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, mundialda sensasiyalı nəticələr olur: “Bu da mundialın nə qədər önəmli olduğunu bir daha göstərir. Baxırsan, zəif komandalar yaxşı oynayıb, qələbə qazanır. Məsələn, hamı Argentinanı favorit göstərirdi, amma Səudiyyə Ərəbistanı layiqli qalibiyyət əldə etdi. Çoxları bunu təsadüf adlandırsa da, ərəblər qələbəyə layiq olduqlarını sübut etdilər. Əlavə 2 hissə də oynasaydılar, cənubi amerikalılar qol vura bilməyəcəkdi. Səudiyyə Ərəbistanı yığması yaxşı müdafiə olundu və əks hücumlarda qollar vurdu”.

Təcrübəli oyunçunun fikrincə, favorit Braziliyadır: “Amma Kriştiuanu Ronaldunun “Mançester Yunayted”dən ayrılmasından sonra onların çempion olmasını istəyirəm. Həm futbolçuya, həm də komandaya görə. Bilirəm ki, Ronaldunun sonuncu dünya çempionatıdır. İstəyirəm ki, hücumçu yenə də özünü göstərsin. Öz qolları ilə sübut etməlidir ki, Ronaldu hələ ölməyib, oynamağı bacarır. Çoxları düşünür ki, qocalıb, vaxtı keçib. Mən inanıram, layiqli oyun göstərəcək. İstərdim ki, çempion olmasalar belə, ən azı finaladək irəliləsinlər”.

İsmayılov iştirakçı yığmalar arasında daha 3 kollektivi fərqləndirib: “Yaponiyanı qeyd edərdim. Həqiqətən yaxşı futbol göstərir. Sensasiya desələr də, layiqli qələbə qazandılar. Bir də Kanada möhtəşəm oynadı. Məğlubiyyətə layiq deyildilər. Amma Belçikanın təcrübəsi öz sözünü dedi. ABŞ-dı bu siyahıya yazardım. Çox maraqlı oyun üslubları var”.

Bənzər xəbərlər