featured-image-6438

“Şamaxı” klubunun artıq yeni rəhbərliyi fəaliyyətə başlayıb. Yeni baş menecer Kamran İsmayılov “ASK Arena”ya gələrək təhvil-təslim prosesində iştirak edir. Maraqlıdır, klubda əvvəl analoji vəzifəni tutan Eldəniz Yusifovun taleyi necə olacaq? Təcrübəli futbol funksioneri Msport.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:

“Mayın 31-də Zaur Axundov “Şamaxı” klubunun İdarə Heyətinin sədri vəzifəsindən istefa verdi. Bununla da klubda yeni dönəmin başlayacağı məlum oldu. Düzdür, məşqçilər, həmçinin mən mayın 27-də müqaviləmizi bir il müddətinə uzatmışdıq. Lakin Zaur müəllimin istefası reallaşdıqdan sonra qərara gəldim ki, klubla vidalaşım. Bununla bağlı rəhbərliyə, şəxsən Zaur müəllimə müraciət etmişdim ki, mənimlə bağlanan müqavilənin xitam olunmasına icazə versinlər. Sadəcə bu müddət ərzində təhvil-təslim prosesində iştirak etmək üçün gözlədim. Dünən artıq yeni baş menecer Kamran İsmayılov mənimlə əlaqə saxladı, o, komandanın “ASK Arena”dakı bazasına baş çəkdi və təhvil- təslim işlərini yekunlaşdırdıq. Artıq “Şamaxı” klubundakı fəaliyyətimi başa vurdum.

Bu klubda çalışdığım beş il ərzində xoş günlərimiz çox oldu. Üç dəfə avrokuboklarda iştirak etdik, iki dəfə Azərbaycan kubokunu qazandıq. Qısa müddət ərzində bu cür nailiyyətlərimiz oldu. Rəhbərliyə, klubun bütün personalına bir daha təşəkkür edirəm, eləcə də bu müddət ərzində komandanı dəstəkləyən azarkeşləri unutmaq olmaz. Onların hamısına minnətdaram”.

Maraqlıdır, Yusifovun gələcək planları necədir? O, fəaliyyətini harda davam etdirəcək? Onu dinləyək:

“Düzü, bir müddət istirahət etmək istəyirəm. Təbii ki, bu sahədə qalmaq ibarədə düşünürəm. Yəqin ki, qısa müddətdən sonra yeni iş yerimlə bağlı məsələlərə aydınlıq gələcək. Onda bu barədə daha ətraflı məlumat verə biləcəm”.

Qeyd edək ki, 2005-ci ildən futbol sahəsində çalışan Eldəniz Yusifov AMMK, “Olimpik”, AZAL, “Neftçi”, “Şamaxı” klublarında baş menecer olub.

Bənzər xəbərlər