Ələskərovun Türkiyə karyerası necə olacaq? Meneceri açıqladı
Türkiyə 1-ci liqasını tərk edəcəyi dəqiqləşən “Bursaspor”un azərbaycanlı futbolçusu Namik Ələskərov komandanı tərk edəcək.
Çempionatın əsasnaməsinə görə, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən millimizin hücumçusunun komandada qalması mümkün deyil. Ələskərovun meneceri Vaqif Heydərli Msport.az-a açıqlamasında yaxın günlərdə Türkiyəyə yollanacağını dedi:
“Namik “Bursaspor”dan ayrılmalıdır. Türkiyə 2-ci liqasında legionerlər çıxış edə bilməz. Ələskərovun hələ klubla müqaviləsi var, ona görə də klubdan hansı formada ayrılmasını dəqiqləşdirmək üçün görüşüb danışmaq lazımdır. Bu məqsədlə yaxın günlərdə Türkiyəyə gedəcəm”.
Heydərli “Bursaspor”un Namiki icarəyə verə bilmək variantının da olduğunu bildirdi: “Təklifləri var, amma konkret deməyək. Bu vaxta qədər bilinmirdi ki, Namiq komandada qalacaq, yoxsa yox. İndi bilinir. Danışıqlar bundan sonra olacaq. Ola bilər ki, “Bursaspor” onu başqa kluba icarəyə versin, görək danışıqlar necə alınır”.
Qeyd edək ki, ötən ildən “Bursaspor”da çıxış edən Namik 1-ci liqada 32 oyuna 6 qol, 6 qol ötürməsi ilə yadda qalıb. Onun Bursa təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.