Emin Mahmudov püşkü dəyərləndirdi
Azərbaycan milli komandasının və “Neftçi”nin kapitanı Emin Mahmudov 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.
30 yaşlı yarımmüdafiəçi Msport.az-a açıqlamasında rəqiblərlə tanış olduğunu bildirib. Mahmudov çox yaxşı komandalarla qarşılaşacaqlarını söyləyib:
“Açığı, bizim üçün seçim imkanı yoxdur. Meydana çıxıb vuruşmalı, yaxşı futbol oynamalıyıq ki, xal və ya xallar qazanaq. Uğurlu nəticələr üçün baş məşqçinin tapşırıqlarını maksimum dərəcədə yerinə yetirmək lazımdır. Püşkün uğurlu və ya uğursuz olmasının heç bir fərqi yoxdur. Sonadək mübarizə aparmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.