Emin Mahmudov: “Vaxtı uzatmağı xoşlamıram”
“Rəqibə öz oyunumuzla cavab verməliyik”.
Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi mərhələ adlayacaqlarına inandığını bildirib: “Jelezniçar”ı artıq daha yaxından tanıyırıq. Öz oyunumuzu göstərərək meydandan qələbə ilə ayrılmaq istəyirik. Rəqibin oyunçularının ilk görüşdə vaxt uzatmalarına gəlincə, hesabda önə keçdiyimiz zaman vaxt uzatmağı xoşlamıram. Nə rəqibin, nə də bizim bunu etməyimizi istərdim. Çempionat oyunlarımızda da belə hallar olub”.
O, növbəti mərhələ barədə indidən düşünmədiklərini vurğulayıb: “Növbəti mərhələdə kiminlə rəqib olmağın bizim üçün fərqi yoxdur. Əsas sabahkı oyundur. İlk növbədə bu mərhələni keçək, sonra növbəti raund barədə düşünmək olar”.
Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Sarayevoda gerçəkləşən ilk matçda 2:2 hesabı qeydə alınıb.